elanlar

Azərbaycan Respublikası DİN-in “Polis Akademiyasının Elmi Xəbərləri” elmi hüquq jurnalının fəaliyyətə başlaması haqqında.

31.01.2014

Azərbaycan Respublikası müstəqil dövlət olaraq bütün fəaliyyət sahələrində mütərəqqi addımlar ataraq dünya birliyində özünün layiqli yerini tutmuşdur. Bu siyasət digər dövlət quruculuğu sahələrində olduğu kimi Azərbaycan elminin respublikamızın iqtisadiyyatına xidmət etməsi, onun dünya elminə inteqrasiyası qonşu dövlətlərlə normal münasibətlərin qurulması ilə bağlıdır.

Beynəlxalq aləmdə elmimizin dünyanın elmi ictimaiyyətinə yüksək səviyyədə təqdim olunması, elmi tədqiqatların dünyanın aparıcı elm-təhsil müəssisələrində müzakirə edilməsi, habelə dünya elmi ictimaiyyətinə çatdırılması kimi prioritet bir vəzifəni qarşısına qoyan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası yeni elmi hüquq jurnalını hazırlamışdır.

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciəti əsasında “Polis Akademiyasının Elmi Xəbərləri” elmi hüquq jurnalı 19 dekabr 2011-ci ildə dövlət qeydiyyatına alınmışdır (№ 10m- 5405).
“Polis Akademiyasının Elmi Xəbərləri” elmi hüquq jurnalı  2012-ci ilin iyun ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qarşısında qoyulan tələblər”ə uyğun olaraq fəaliyyətə başlamışdır və jurnalda öz məqalələrini çap etdirmək istəyən şəxslər   Polis Akademiyasına müraciət edə bilərlər. 

Jurnal üçün tələb olunan şərtlər
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Res­publikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qar­şısında qoyulan tələblər”ə uyğun olaraq “Polis Akademiyasının Elmi Xəbərləri” elmi hüquq jurnalı aşağıdakı tələblər əsasında çap olunacaqdır:
1. Məqalənin adı, müəllif(lər)i, müəllif(lər)in elmi dərəcəsi, vəzifələri ad və soyadları, çalışdıqları qurum və elektron poçt (e-posta) ünvanları, iş və mobil telefon nömrələri göstərilməlidir.

2. Məqalədə açar söz (Azərbaycan, İngilis və Rus dillərində, ən çox 5 söz), xülasə (Azərbaycan, İngilis və Rus dillərində), giriş, əsas hissə, nəticə və istifadə olunan mənbələr olmalıdır. Məqalənin əsas hissəsi 3 səhifədən az olmamalıdır. 

3. Məqalənin xülasəsi 200-250 sözdən çox olmamalı, tədqiqatın məqsədini, əhəmiyyətini və elmi dövriyyədəki yerini, istifadə edilən və ya formalaşdırılan metodları, hansı suallara cavab verildiyini və tətbiq dairəsini göstərməli, giriş və nəticə hissəsi kimi yazılmamalıdır.
4. Məqalənin xülasəsi məqalənin məzmununa uyğun olmalıdır. Xülasə  elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır.
5. Elmi məqalənin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və. s aydın şəkildə qeyd olunmalıdır.

6. Məqalə A4 formatında, 1,5 (bir tam onda beş) intervalla, TİMES NEW ROMAN 14 şriftlə, 10 səhifə həcmindən az olmamaqla yazılmalı, kənarlarından (soldan 30 mm, sağdan 10 mm, yuxarıdan 25 mm və aşağıdan 20 mm) boşluq buraxılmalıdır.

7. Məqalə Azərbaycan, İngilis və Rus dillərində qəbul ediləcəkdir.
8. Məqalədə elmi mənbələrə istinadlar olmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə deyil, istinad olunan ədəbiyyatların mətndə rast gəlindiyi ardıcıllıqla nömrələnməli və məsələn, [1] və ya [1, s. 119] kimi işarə olunmalıdır. Eyni ədəbiyyata mətndə başqa bir yerdə təkrar istinad olunarsa, onda istinad olunan həmin ədəbiyyat əvvəlki nömrə ilə göstərilməlidir.

9. Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük verilməlidir.
10. Məqalənin qəbulu və rədd edilməsi jurnalın redaksiya heyətinin müzakirəsindən sonra elan ediləcəkdir.
11. Məqalələr jurnalın profilinə uyğun olmalıdır.

Ünvan: AZ-1044, Bakı ş. Almaz İldırım küç. 36, Şüvəlan qəs.
Tel: 454-34-57
Faks: 554-99-84
Web: www.pa.edu.az
e-mail: policeacademy@pa.edu.az
Geriyə | Çap versiyası