Müdavim Elmi Cəmiyyəti

Müdavim Elmi Cəmiyyətinin Əsasnaməsi

Azərbaycan Respublikası DİN-in Polis
Akademiyasının rəisinin 25 iyul 2012-ci il tarixli Ə218-034-12 nömrəli əmri ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının
Müdavim Elmi Cəmiyyəti haqqında

ƏSASNAMƏ


1.ÜMUMİ MÜDDƏALAR

1.1.Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının (bundan sonra - Akademiya) Müdavim Elmi Cəmiyyəti (bundan sonra - Elmi Cəmiyyət) Akademiya müdavimlərinin könüllü, özünüidarə ictimai birliyidir.
1.2.Elmi Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, DİN-in Polis Akademiyasının Nizamnaməsini, həmçinin Daxili İşlər və Təhsil Nazirliklərinin normativ-hüquqi aktlarını, bu Əsasnaməni rəhbər tutur.
1.3.Elmi Cəmiyyətin fəaliyyətinə ümumi nəzarət Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin (bundan sonra - ET və RNŞ) rəisi, bilavasitə fəaliyyətinin əlaqələndirilməsi isə Elmi Cəmiyyətin sədri tərəfindən həyata keçirilir.
1.4.Elmi Cəmiyyətin fəaliyyətinin əsas prinsipləri kollegiallıq, təşəbbüskarlıq və qətiyyətlilikdir.

2. ELMİ CƏMİYYƏTİN ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

 2.1. Elmi Cəmiyyətin əsas məqsədi aşağıdakılardır:

  •  2.1.1. Akademiya müdavimlərinin elmi-təhsil səviyyəsini və dərslərdə müvəffəqiyyət dərəcəsini yüksəltmək;
  •  2.1.2. Azərbaycan Respublikası DİN-in müxtəlif  sahələr üzrə struktur bölmələri üçün daha savadlı mütəxəssislərin hazırlanmasında Akademiyaya kömək etmək;
  •  2.1.3. DİO əməkdaşlarının və Akademiyanın nüfuzunu yüksəltmək və möhkəmləndirmək.
  •  2.2. Elmi Cəmiyyətin əsas vəzifələri aşağıdakılardır:
  •  2.2.1. Akademiyada təhsil alan müdavimlərin fərdi və kollektiv elmi tədqiqat işlərinin aparılmasına cəlb edilməsi;
  •  2.2.2. Akademiyanın müdavimlərinin müxtəlif elmi tədbirlərdə iştirakının təmin edilməsi vasitəsilə onların yaradıcı və elmi potensialının səmərəli istifadə edilməsi,      hərtərəfli və daha yüksək intellektual inkişafı üçün şəraitin yaradılması.
  •  2.3.  Elmi Cəmiyyət qarşısındakı əsas  məqsəd və vəzifələrini həyata keçirmək üçün:
  •  2.3.1. Seminarların, konfransların, dəyirmi masaların, olimpiadaların,  müsabiqələrin və digər elmi tədbirlərin keçirilməsi haqqında ET və  RNŞ-yə təkliflər verir;
  •  2.3.2.  elmi işlərin aparılmasında müdavimlərə kömək edir;
  •  2.3.3. müəyyən edilmiş qaydada digər təhsil müəssisələrinin tələbə elmi cəmiyyətləri və gənclər təşkilatları ilə qarşılıqlı əlaqə saxlayır;
  •  2.3.4. Akademiya rəhbərliyinin razılığı ilə digər təhsil müəssisələrinin tələbələrini və professor-müəllim heyətini, hökümət nümayəndələrini, elm, mədəniyyət və təhsil sahəsində çalışan mütəxəssisləri Akademiyaya dəvət edir;
  •  2.3.5. Akademiyanın, digər təhsil müəssisələrinin və ya təşkilatların keçirdikləri elmi tədbirlərdə Elmi Cəmiyyətin üzvlərinin iştirakı barədə ET və  RNŞ-yə təkliflər verir;
  •  2.3.6. elmi fəaliyyətdə nailiyyət əldə etmiş müdavimlərin mükafatlandırılması üçün Akademiya rəhbərliyi qarşısında vəsatət  qaldırır.


3.  ELMİ CƏMİYYƏTİN TƏŞKİLATİ STRUKTURU


3.1.  Elmi Cəmiyyətin təşkilati strukturu aşağıdakılardan ibarətdir:

  • 3.1.1. Elmi Cəmiyyət üzvlərinin Ümumi yığıncağı;
  • 3.1.2.  İdarəetmə Şurası.
  • 3.2.  Elmi Cəmiyyətin rəhbər orqanı onun Ümumi yığıncağıdır.
  • 3.2.1. Ümumi yığıncağın səlahiyyətləri:
  • 3.2.1.1. Elmi cəmiyyyətin fəaliyyətinə dair illik planı  təsdiq edir;
  • 3.2.1.2.  Elmi Cəmiyyətin sədrliyinə, sədrin müavinliyinə, Elmi Cəmiyyətin katibliyinə namizədləri seçir (gizli səsvermə yolu ilə) və onu təsdiq etmək üçün Akademiya rəisinə təqdim edir;
  • 3.2.1.3.  bu Əsasnaməyə əlavə və dəyişikliklər edir və onları təsdiq etmək  üçün Akademiya rəisinə təqdim edir;
  • 3.2.1.4. Elmi Cəmiyyətin illik hesabatını təsdiq edir;
  • 3.2.1.5. İdarəetmə Şurasının say tərkibini 11 nəfərdən ibarət olmaqla müəyyən edir.
  • 3.3. Elmi Cəmiyyətin sədri, sədr müavini, katibinin seçkilərinin keçirilməsi üçün İdarəetmə Şurası tərəfindən İdarəetmə Şurasına üzv olmayan Elmi Cəmiyyətin 3 nəfər üzvündən ibarət komissiya yaradılır. Komissiya səsvermənin nəticələrini hesablayır.
  •  3.4. Elmi Cəmiyyətin üzvlərinin Ümumi yığıncağı tədris ilində iki dəfədən az olmayaraq çağırılır.
  •  3.5. Növbədənkənar yığıncağın çağırılmasına aşağıdakı hallarda təşəbbüs göstərilir:
  •  3.5.1. İdarəetmə Şurasının qərarı ilə;
  •  3.5.2. Elmi Cəmiyyət üzvlərinin yarısından çoxunun yazılı müraciəti olduqda.
  •  3.5. Elmi Cəmiyyətin ümumi üzvlərinin yarısından çozu yığıncaqda iştirak etdikdə, Ümumi yığıncaq səlahiyyətli hesab edilir.
  •  3.6. Bütün məsələlər üzrə Elmi Cəmiyyətin Ümumi yığıncağının qərarları sadə səs çoxluğu əsasında açıq və ya gizli səsvermə yolu ilə qəbul edilir. Bu qərarların icrası Elmi Cəmiyyətin bütün üzvləri üçün məcburidir.
  • 3.7. Cəmiyyətin Ümumi yığıncağı açıq aparılır. Ümumi yığıncağın tarixi, vaxtı, yeri və gündəlik məsələ yığıncağa 10 gün qalmış İdarəetmə Şurası tərəfindən elan edilir.
  • 3.8. İdarəetmə Şurası -  Elmi Cəmiyyətin cari rəhbərliyini həyata keçirən kollegial icra orqanıdır.
  • 3.9. İdarəetmə Şurasının tərkibinə Elmi Cəmiyyətin sədri, sədr müavini, katibi, fəaliyyət istiqamətləri üzrə əlaqələndiricilər və ET və RNŞ-nin elmi əməkdaşı daxildir.
  • 3.10. İdarəetmə Şurasının səlahiyyəti:
  • 3.10.1.  Elmi Cəmiyyətin fəaliyyətinin prioritet istiqamətini müəyyən edir
  • 3.10.2.  tədris ilinə müvafiq Elmi Cəmiyyətin fəaliyyətinin  illik planını tərtib edir;
  • 3.10.3. növbə üzrə  və ya növbədənkənar Ümumi yığıncağı çağırır;
  • 3.10.4. Ümumi yığıncağın gündəlik məsələlərini müəyyənləşdirir və təşkil edir;
  • 3.10.5.  elmi fəaliyyətdə, müxtəlif elmi-maarifləndirmə tədbirlərində fərqləndiyinə və nailiyyət əldə etdiyinə görə Elmi Cəmiyyətin üzvlərinin mükafatlandırılması üçün Akademiyanın rəhbərliyinə təkliflər irəli sürür;
  • 3.10.6.  cari məsələlərin həll edilməsi üçün işçi qrupu yaradır;
  • 3.10.7  elmi dərnəklərin fəaliyyətinə kömək edir;
  • 3.10.8.  Akademiyanın, digər ali təhsil müəssisələrinin rəhbərliyinin nümayəndələri ilə, həmçinin tələbə və digər ictimai təşkilatlarla qarşılıqlı əlaqə saxlayır;
  • 3.10.9.  Elmi Cəmiyyətə üzvlük məsələlərini həll edir.
  • 3.11. İdarəetmə Şurasının ümumi iclası müntəzəm şəkildə iki ayda bir dəfədən az olmayaraq keçirilir.
  • 3.12. İdarəetmə Şurasının səlahiyyət müddəti 1 ildir.
  • 3.13. Növbədənkənar iclaslar İdarəetmə Şurasının qərarı ilə və ya Elmi Cəmiyyətin sədrinin təşəbbüsü ilə keçirilə bilər.
  • 3.14.  İdarəetmə Şurasının hər bir üzvü bir səsə malikdir. Bütün iclaslar açıq keçirilir. İclasın tarixi, yeri, vaxtı və gündəlikdə duran məsələ onun çağırılmasına 4 gün qalmış sədr tərəfindən elan edilir.
  • 3.15. İdarəetmə Şurası qərarlarını açıq və ya gizli səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qərar formasında qəbul edir. İdarəetmə Şurasının qərarı Elmi Cəmiyyətin bütün üzvləri üçün məcburidir.
  • 3.16. Elmi Cəmiyyətin hər bir üzvü özünün və ya Elmi Cəmiyyətin üzvlərinin təşəbbüsü ilə İdarəetmə Şurasının rəhbərliyinə seçilmək hüququna malikdir.
  • 3.17. Elmi Cəmiyyətin sədri onun üzvlərinin Ümumi yığıncağı tərəfindən 1 il müddətinə seçilir və seçki protokolu Akademiya rəisi tərəfindən təsdiq edilir.
  • 3.18. Sədrin səlahiyyətləri:
  • 3.18.1.  Elmi Cəmiyyətin Ümumi  yığıncağına və İdarəetmə Şurasının iclaslarına sədrlik, onların hazırlanmasına və çağırılmasına isə rəhbərlik edir;
  • 3.18.2. Ümumi yığıncaq qarşısında Elmi Cəmiyyətin fəaliyyəti barədə hesabat verir;
  • 3.18.3.  Akademiyanın rəhbərliyi, digər ali təhsil müəssisələrinin və ictimai təşkilatların nümayəndələri ilə qarşılıqlı əlaqələrdə Elmi Cəmiyyəti təmsil edir.
  •  3.19. Sədrin vaxtından  əvvəl  səlahiyyətlərinə  xitam  verilməsi  onun şəxsi təşəbbüsü ilə mümkündür. Bu təşəbbüs İdarəetmə Şurasının qarşısında yığıncağa 2 həftə qalmış  elan edilir və o, görülmüş işlər barədə Şurada hesabat verir.
  • 3.20. Sədrin tutduğu vəzifəyə uyğun gəlməməsi, yaxud onun tərəfindən bu Əsasnamənin tələblərinin pozulması ilə əlaqədar  səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə Elmi Cəmiyyətin üzvlərinin ümumi sayının üçdə ikisi tərəfindən təşəbbüs göstərilir. Bu qərar açıq səsvermə yolu ilə elan edilir.
  • 3.21. Sədrin  müavini Elmi  Cəmiyyətin  Ümumi  yığıncağı  tərəfindən  1 il  müddətinə seçilir. Seçki protokolu Elmi Cəmiyyətin sədri  təsdiq edir.
  • 3.22.  Sədr  olmadıqda və ya onun tapşırığı ilə sədrin müavini sədrin vəzifələrini müvəqqəti icra edir. Belə halda səlahiyyətlərin dairəsi bu Əsasnamə və İdarəetmə Şurasının qərarı ilə müəyyən edilir.
  • 3.23. Elmi Cəmiyyətin katibi Elmi Cəmiyyətin Ümumi yığıncağı tərəfindən 1 il müddətinə seçilir. Seçki protokolu  Elmi Cəmiyyətin sədri təsdiq edir.
  • 3.24.  Elmi Cəmiyyətin katibinin səlahiyyətləri:
  • 3.24.1.  Elmi Cəmiyyətin üzvlərinin qeydiyyatını və yenidən qeydiyyatını aparır;
  • 3.24.2.   Elmi Cəmiyyətin  iclaslarının protokollaşdırılmasını həyata keçirir;
  • 3.24.3. Elmi Cəmiyyətin qərarlarını müvafiq  icraçıların nəzərinə çatdırır və onların icrası barədə  İdarəetmə Şurasını məlumatlandırır;
  • 3.24.4.  sənədlərin uçotunu və saxlanılmasını təmin edir;
  • 3.24.5. bütün məlumatların qeydiyyatını aparır və onların əlaqələndirilməsini həyata keçirir.


4.  ELMİ CƏMİYYƏTƏ ÜZVLÜK

  •  4.1. Öz elmi-nəzəri biliklərinin dərinləşdirilməsində maraqlı olan hər bir  müdavim Elmi Cəmiyyətin üzvü olmaq hüququna malikdir.
  •  4.2. Elmi Cəmiyyətə üzvlük statusunu əldə etmək üçün zəruridir:
  •  4.2.1.  Elmi Cəmiyyətin İdarəetmə Şurasında müvafiq anketi doldurmaq və imzası ilə təsdiq etmək;
  •  4.2.2. Elmi Cəmiyyətin üzvlərinə namizədliyi irəli sürülərkən İdarəetmə Şurasının yığıncağında sadə səs çoxluğunu yığmaq.
  • 4.3. Elmi Cəmiyyətin üzvü aşağıdakı hüquqlara malikdir:
  • 4.3.1.  Elmi Cəmiyyətin yığıncaqlarında, iclaslarında, müzakirələrində iştirak etmək;
  • 4.3.2. Elmi Cəmiyyətin Ümumi yığıncağında səs vermək, İdarəetmə Şurasının rəhbərliyinə seçmək;
  • 4.3.3. Elmi Cəmiyyət tərəfindən keçirilən cari və planlaşdırılan tədbirlər barədə məlumat almaq;
  • 4.3.4.  bu Əsasnamədə digər  hal nəzərdə tutulmayıbsa, Elmi Cəmiyyətin bütün tədbirlərində iştirak etmək;
  • 4.3.5.  Elmi Cəmiyyətin fəaliyyətinə  dair məsələlər üzrə təkliflər irəli sürmək;
  • 4.3.6.  Elmi Cəmiyyətin tərkibindən könüllü çıxmaq.
  • 4.4.  Elmi Cəmiyyətin üzvü aşağıdakı vəzifələrə malikdir;
  • 4.4.1.  bu Əsasnamənin tələblərinə riayət etmək;
  • 4.4.2.  Elmi Cəmiyyətin işində fəal iştirak etmək;
  • 4.4.3. Elmi Cəmiyyətin məqsəd və vəzifələrinin həyata keçirilməsinə kömək etmək;
  • 4.4.4. Elmi Cəmiyyətin rəhbər orqanlarının  qərarlarına riayət etmək;
  • 4.4.5. Elmi Cəmiyyətin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.
  • 4.5. Hər il Elmi Cəmiyyətin Ümumi yığıncağının keçirilməsinə 2 həftə qalmış Elmi Cəmiyyətə üzvlüyün uzadılması üçün yenidən qeydiyyatdan keçmək lazımdır. Elmi Cəmiyyətin üzvü üzrsüz səbəbdən yenidən qeydiyyatdan keçmədikdə üzvlük statusunu itirir.
  • 4.6. Bu Əsasnamənin  müddəalarını Elmi Cəmiyyətin üzvü  pozduqda, Polis Akademiyasını bitirdikdə. həmçinin Elmi Cəmiyyətin üzvünün şəxsi təşəbbüsü ilə üzvlükdən ərizə yazmaqla azad edilir.



5. ELMİ CƏMİYYƏTİN TƏSİS EDİLMƏSİ, YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

  • 5.1. Elmi Cəmiyyət Ümumi Yığıncaq tərəfindən təsis, yenidən təşkil və ləğv edilir.
  • 5.2. Elmi Cəmiyyətin fəaliyyətinə həmçinin Akademiya ləğv edildikdə xitam verilir.


6. ELMİ CƏMİYYƏTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ, ƏMLAKI VƏ FƏALİYYƏTİNİN MALİYƏLƏŞDİRİLMƏSİ

  • 6.1.Elmi Cəmiyyətin fəaliyyət göstərməsi üçün akademiyanın ayırdığı sahə(otaq) və texniki avadanlıq şərti olaraq  Elmi Cəmiyyətin əmlakı sayılır.
  • 6.2.Elmi Cəmiyyətin fəaliyyəti Akademiyanın büdcəsi hesabına maliyyələşdirilir.


7. YEKUN MÜDDƏALAR

  • 7.1.Bu Əsasnamə Azərbaycan Respublikası  DİN-in Polis Akademiyası rəisinin  əmri ilə təsdiq edildiyi andan  quvvəyə minir.

 

Geriyə | Çap versiyası