“Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans. DİN-nin Polis Akademiyası 20.10.2017-ci il.


DİN-in Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

 20 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında cinayətkarlığın müasir inkişaf meyllərinin və regional xüsusiyyətlərinin, həmçinin xarici ölkələrin polis təhsil müəssisələrinin təhsil və elmi resurslarının öyrənilməsi məqsədi ilə Rusiya Federasiyası, Gürcüstan, Belarus və Ukrayna Respublikalarının tanınmış hüquqşünas alimlərinin, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının və onların xüsusi təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda IV beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının və onların xüsusi təhsil müəssisələrinin, Rusiya Federasiyası, Gürcüstan, Belarus və Ukrayna Respublikalarının polis təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq elmi-praktik konfransda aşağıdakı mövzular üzrə çıxışlar dinlənildi və müzakirələr aparıldı:
-    Azərbaycan Respublikasında cinayətkarlığın regional kriminoloji tədqiqinin nəzəri və təcrübi problemləri.
-    İqtisadi cinayətkarlığın istintaqı və sübutetmədə  xüsusi biliklərin tətbiqi problemləri (regional aspekt).
-    Nijniy Novqorod regionunda kriminogen vəziyyətin regional xüsusiyyətləri: empirik tədqiqatın təcrübəsi.
-    Oğru birliyi və “qanuni oğrular” mütəşəkkil cinayətkarlığın xüsusi forması kimi və onların regional xüsusiyyətləri.
-    Cinayətkarlığa qarşı mübarizə sahəsində vəkillik fəaliyyəti.
-    Azərbaycan Respublikasında narkotiklərlə bağlı törədilən cinayətlərin regional tədqiqinin aktual məsələləri.
-    Belarus Respublikası daxili işlər orqanları tərəfindən ailə zorakılığı ilə bağlı inzibati xətaların və cinayətlərin profilaktikasının təşkilati təminatının regional xüsusiyyətləri.
-    Regional cinayətkarlığın cinayət-hüquqi xəbərdar edilməsinin bəzi aspektləri.

Polis Akademiyasının rəisi, polis general-mayoru, h.ü.f.d., dosent Nazim Əliyev konfransın açılışında iştirakçıları  salamlayaraq bildirmişdir ki, cinayətkarlığın kriminoloji tədqiqi sahəsində qarşılıqlı əlaqənin yaradılması, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və etibarlı tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən regional cinayətkarlığın kriminoloji tədqiqinə həsr edilmiş beynəlxalq elmi-praktik konfransların keçirilməsi ənənəsi və etibarlı qarşılıqlı əlaqələr gələcəkdə də davam etdirilməlidir. Cinayətkarlığa qarşı mübarizə işi yüksək səriştə, bacarıq və vərdişlər tələb etsə də, cinayətkarlığın, həmçinin onun inkişafına təsir edən sosial-neqativ təzahürlərin mürəkkəb məzmunu tədqiq edilmədən strateji hədəfləri müəyyən etmək qeyri-mümkündür. Hüquqpozmaların qarşısının alınmasına yönəlmiş fəaliyyət elmi təməl üzərində qurulmalı və təcrübi problemlərin tədqiqi vasitəsilə real mübarizə tədbirlərinin uğurlu istiqamətləri müəyyən edilməlidir.

Müasir dövrümüz ictimai münasibətlərin dinamik dəyişkənliyi ilə səciyyələnir. Təbii ki, bu proseslər cinayətkarlığın da inkişaf meyllərinə, kəmiyyət və keyfiyyət göstəricilərinə təsir göstərməkdədir. Bu səbəbdən cinayətkarlığın göstəriciləri, səbəbiyyat kompleksi regional baxımından da öyrənilməli və daha effektiv profilaktik təsir tədbirləri hazırlanmalıdır.
Konfrans cinayətkarlığa qarşı mübarizə sahəsində ölkədaxili və xarici ölkələrin qabaqcıl təcrübəsi ilə bağlı maraqlı elmi mübadilə və diskussiyalarla yadda qaldı.
 
 
 
Geriyə | Çap versiyası