Xüsusi kitabxana

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Xüsusi kitabxanası.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Xüsusi kitabxanasının tarixi 1957-ci ildən - Bakı Xüsusi Orta Milis Məktəbinin yaradılmasından başlanır. Bu tədris-köməkçi hissənin məqsədi professor-müəllim heyətini, müdavim və dinləyiciləri müxtəlif məxfi xarakterli xüsusi materiallarla təmin etməkdən ibarət idi.

Kitabxananın ştatı xüsusi fənlər tsiklinə daxil olan əməkdaşdan ibarət idi. 80-cı illərdə kitabxananın əməkdaşlarının sayı 4 nəfərə qədər artırıldı.

1992-ci ildə Bakı Xüsusi Orta Milis Məktəbinin zəmnində ali hüquq təhsili verən Azərbaycan Polis Akademiyasının yaradılması ilə əlaqədar olaraq kitabxanadan istifadə edən oxucuların, eləcə də kitabxananın xidmət göstərdiyi fənnlərin sayı bir neçə dəfə artdı. Ştat cədvəlində də dəyişikliklər baş verdi, belə ki, Xüsusi kitabxananın ştatdan kənar işçilərinin əvəzinə 4 zabit vəzifəsi ayrıldı. Ştata zabit vəzifəsinin daxil edilməsi oxucuların biblioqrafik sorğularının təmin edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi.

2005-ci ildə DİN-in və akademiya rəhbərliyinin qayğısı sayəsində kitabxana yeni tədris binasına köçürüldü: kitab saxlama fondu genişləndi, yeni oxu zalı yaradıldı.

Kitabxana rahat və gözəl mebel, müasir standartlara cavab verən avadanlıqlarla təchiz edildi. Bütün görülən tədbirlər əsasən kitabxana məqsədlərinin həllinə - oxucu sorğularının operativ və tam ödənilməsinə, onun təkmilləşdirilməsinə və nəticədə tədris prosesinin daha keyfiyyətli  təmin edilməsinə yönəldilmişdir.

Bu sahədə zabit kitabxanaçılardan Vitaliy Berejnoy, Mahir Mövsümov, Akif Nəsirov, Natiq Məmmədov, Elşən Rəhimov, Rasim Nəsirov, Ağakərim Hətəmov, Vasif Məmmədov, Nurəddin Salmanzadə, Elçin Əliyev, serjant kitabxanaçılardan Gülnaz Qocayeva və Lalə Əfqanlı çalışmışlar.

2003-cü ildən etibarən Xüsusi kitabxanada 2 zabit kitabxanaçı ştatı 2 serjant kitabxanaçı ştatına dəyişdirildi.

Xüsusi kitabxananın hal-hazırki heyəti təcrübəli işçilərinin qüvvəsi ilə akademiya rəhbərliyi tərəfindən həvalə edilmiş vəzifələri uğurla həyata keçirir. Bunlar - 1995-ci ildən bu günə kimi Xüsusi kitabxanaya rəhbərlik edən polis mayoru Elmira Mehdiyeva, polis serjantları Firuzə Əlizadə, Mədinə Bayramova və kollektivə yeni qoşulan polis leytenantı Aysel Əliyevadır.

Xüsusi kitabxana Ümumi kitabxanadan fərqli olaraq bir gün ərzində oxuculara böyük həcmdə müxtəlif xüsusi nəşrlərin nüsxələrini, normativ-hüquqi aktları və xüsusi iş dəftərlərini təhvil-təslim edirlər.

Xüsusi kitabxananın spesifik xüsusiyyəti öz əməkdaşlarının üzərinə böyük məsuliyyət qoymaqdan ibarətdir. Xüsusi rejimli hissənin əməkdaşları olmaqla kitabxanaçılar daimi olaraq məxfi sənədlərlə işləyən oxucuların müvafiq qaydaları pozmamalarına diqqətlə nəzarət etməlidirlər.

Məxfi sənədlərlə gərgin və məsuliyyətli iş rejimi insandan mütəşəkillik və intizamlılıq, diqqətin cəmlənməsini və yaxşı yaddaşa malik olmağı  tələb edir. Professionallıq və onun daima artırılması, hər əməkdaşın faydalılığının müəyyən edilməsinin əsas kriteriyası hesab olunur.

Hər yeni tədris ili kitabxananın qarşısında kollektiv tərəfindən uğurla həyata keçirilən məqsədlər qoyur.

Geriyə | Çap versiyası