xəbərlər

III kurs müdavimləri ilə keçirilən mühazirə dərsinə Aydın Nəsimiyev dəvət edilmişdir.

17.05.2013

“Cinayət prosesi” kafedrasının dəvəti əsasında 15 may 2013-cü il tarixdə əyani fakültənin III kurs müdavimləri ilə keçirilən mühazirə dərsinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Preventiv tədbirlər və Təhqiqat şöbəsi”nin böyük prokuroru, ədliyyə müşaviri Aydın Nəsimiyev dəvət edilmişdir.

“Cinayət işinin başlanması” mövzusuna həsr edilən mühazirəni giriş sözü ilə açan “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d. Səyyad Ağayev mövzunun aktuallığını, nəzəri və təcrübi əhəmiyyətini qeyd etmiş, dəvət olunan lektoru müdavimlərə təqdim etmişdir. 

Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru, ədliyyə müşaviri Aydın müəllim müdavimlərə cinayət işinin başlanmasının əsas və səbəbləri, müddəti, prosessual qaydası və  cinayət işinin başlanmasının rədd edilməsinin əsaslarına dair maraqlı mühazirə oxumuşdur. Həmçinin, cinayət-prosessual qanunvericiliyin tətbiqi zamanı mövzu ilə bağlı yaranan  problemli məsələlər və onların həlli yolları müzakirə edilmiş, istintaq təcrübəsindən maraqlı misallar çəkilmişdir. Mühazirənin sonunda müdavimlərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

Dərsin yekununda müdavimlər bu növ mühazirələrin səmərəli olmasına dair fikir bildirdilər və belə dərslərin mütəmadi keçirilməsini arzuladılar.

                   

Geriyə | Çap versiyası