xəbərlər

DİN-in Polis Akademiyasında «Müasir Azərbaycan – 20 il: Polis Akademiyası müstəqillik illərində» mövzusunda dəyirmi masa keçrildi

23.06.2011

 23.06.2011-ci il tarixdə DİN-in Polis Akademiyasında «Azərbaycan» qəzeti ilə birgə  «Müasir Azərbaycan – 20 il: Polis Akademiyası müstəqillik illərində» mövzusunda dəyirmi masa keçirilmişdi. Tədbirdən əvvəl iştirakçılar tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulmuş və xatirə fotoşəkili çəkilmiş, Polis Akademiyasında fəaliyyət göstərən «Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloci mərkəz»in işi ilə qonaqlar tanış edilmişdir.
Dəyirmi masanı «Azərbaycan» qazetinin baş redaktoru, Milli Məclisin deputatı cənab Bəxtiyar Sadıqov açıb tədbirin məqsədi barədə qısa informasiya vermiş və sözü Polis Akademiyasının rəisi, polis general-mayoru cənab Nazim Əliyevə vermişdir.     
Tədbirdə akademiyanın rəisi cənab N.Əliyev «Müstəqillik illərində DİN-in Polis Akademiyasının inkişafı» mövzusunda geniş məruzə etmiş, «İctimai elmlər» kafedrasının dosenti, polis polkovniki Tahir Behbudov «Müstəqillik illərində Polis Akademiyasının yaradılması və inkişafının tarixi (son 20 ildə)», «Jinayət prosesi» kafedrasının rəisi, polis polkovnik-leytenantı Səyyad Ağayev «Müstəqillik illərində Polis Akademiyasında təhsilin inkişaf mərhələləri», V kurs müdavimi Rahib Əliyev «Ümummilli lider Heydər Əliyevin müstəqillik illərində daxili işlər orqanları – Polis Akademiyasına xüsusi diqqəti», IV kurs müdavimi Eldar Qədimov «DİN-in Polis Akademiyasında idmana qayğı» mövzuları ilə çıxış etmiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır. Dəyirmi masada səslənmiş fikirlərə «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı cənab Bəxtiyar Sadıqov yekun vurmuşdur.
Dəyirmi masanın iştirakçıları keçən əsrin 90-cı illərin əvvərində respublikada olan gərgin ictimai-siyasi vəziyyət və hökm sürən özbaşınalıq, bu zaman DİN-in Polis Akademiyasının yaranmasının zəruriliyi, müstəqillik dövrdə bu xüsusi ali təhsil müəssisəsində görülmüş işlər barədə söhbət aparmışlar. Xüsusi ilə vurğulanmışdır ki, hər bir ölkənin gələcəyi təhsil sistemi ilə bağlı olduğundan bu sahəyə ulu öndər Heydər Əliyev, onun siyasətinin davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daim qayğı və diqqət göstərilmiş və göstərilir. Təhsilimizin inkişafını təmin etmək məqsədilə «2009 - 2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» təsdiq edilmiş, yeni «Təhsil haqqında» qanun qəbul olunmuşdur.
İlk günlərdən akademiyanın maddi-texniki bazasının müasirləşməsinə, peşəkar kadrlarla təmin olunmasına, dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodiki ədəbiyyatın hazırlanmasına, kafedralarda fənn kabinetlərinin təşkilinə xüsusi diqqət yetirilmişdir. Daxili işlər naziri, general polkvnik cənab Ramil Usubovun gündəlik diqqət və qayğısı nəticəsində akademiyanın müasir tələblər səviyyəsinə qaldırılması üçün əməli işlər görülmüş və bu istiqamətdə işlərin müntəzəm davam etdirilməsi nəzarətdə saxlanılır. Dövlət qayğısı ilə əhatə olunmuş akademiyada hazırda fənn kabinetləri, kompyuter otaqları, linqafon sinifləri, kriminalistika poliqonu,  fotolaboratoriyalar, narkotiklərlə mübarizə kabineti, idman kompleksləri, atıcılıq tiri, müasir tələblərə cavab verən yataqxanalar şəxsi heyətin istifadəsinə verilmişir. Bütün bunlarla yanaşı, şəxsi heyətin iş otaqları da müasir tələblərə uyğun yeniləşdirilmişdir.  Elmi Şura zalı, beynəlxalq konfransların keçirilməsi üçün müvafiq texnika ilə təmin olunmuş konfrans zalı, beynəlxalq konfranslara gələnlərin istirahəti üçün otaqlar hazırlanmışdır. Mühazirə zallarının, auditoriyaların sayı 2 dəfə artırılaraq ümumilikdə mühazirə zallarının sayı 8-ə, auditoriyaların sayı isə 77-yə çatdırılmışdır. Hazırda akademiyada tədris edilən fənlər üzrə müasir avadanlıqla və kompyuter texnikası ilə təchiz edilmiş 40-dan çox fənn kabineti, sahəsi 160 m2 olan kriminalistika sınaq meydançası fəaliyyət göstərir. Professor-müəllim heyətinin elmi dərəcələrinin artırılması və elmi adların alması daim diqqət mərkəzində saxlanılmışdır. Əməkdaşların elmi dərəcə və adlarına görə 1 nəfər hüquq elmləri doktoru, 1 nəfər professor, 7 nəfər dosent, 15 nəfər müvafiq sahələr üzrə fəlsəfə doktorudur, 4 nəfər elmlər doktorluğu, 20 nəfər isə fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyirlər.
Üçüncü minillik təhsil müəssisələri qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: «XXI əsrdə yalnız yüksək elmi potensiala və elm tutumlu texnologiyaya malik ölkələr öz xalqları üçün xoşbəxt və firavan həyat tərzi təmin etmək imkanına malik olacaq». Bu fikir qloballaşan və elmi-texniki inqlabın ən yüksək mərhələsini yaşayan dünyamızda, o cümlədən Azərbaycan Respublikasında da öz aktuallığını daim qoruyub saxlayır.  
 Təhsilin və tərbiyənin keyfiyyətini müasir tələblər səviyyəsinə qaldırmaq məqsədilə təcrübə mübadiləsinin sistemli şəkildə həyata keçirilməsi təşkil olunmuş, bir çox  ölkələrin qabaqcıl ali məktəbləri ilə müqavilələr bağlanılmışdır. Buna misal olaraq Türkiyə Polis Akademiyası, Ukrayna Milli  Daxili İşlər Akademiyası, Rusiya Federasiyası DİN Akademiyası, Sankt-Peterburq Universiteti, Rostov Hüquq İnstitutu, Volqoqrad, Moskva Milis məktəbləri, Macarıstan «Açıq cəmiyyəti», Budapeşt Konstitusiya və Hüquq Siyasəti İnstitutu, digər ali polis təhsili verən məktəbləri göstərmək olar. Bağlanmış müqavilələrə uyğun olaraq təcrübə mübadiləsi məqsədilə DİN-in Polis  Akademiyasının əməkdaşlarından bir çoxu Avropa, Rusiya və başqa ölkələrə ezam olunmuşlar. Tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müəllim-zabit heyəti Avropa Şurasının xətti ilə keçirilən seminarlarda iştirak etmək üçün ayrı-ayrı ölkələrə dəfələrlə ezam olunmuşlar. DİN-in Polis Akademiyası artıq Avropa Şurası və digər beynəlxalq təşkilatların xətti ilə Azərbaycana gələn nümayəndə heyətinin diqqət mərkəzindədir. Bu marağın artmasına səbəb son zamanlar beynəlxalq əlaqələrin möhkəmlənməsi istiqamətində görülmüş işlərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polis Akademiyasının 2007-ci ildə 11-ci təntənəli buraxılış mərasimində akademiyanın şəxsi heyəti üçün proqram əhəmiyyətli nitqində qeyd olunmuşdur: «Polis işçiləri xalqla birbaşa təmasda olan insanlardır. Ona görə də mənim əsas tələbim odur ki, polis qətiyyətli olmalıdır, onun çox böyük peşəkarlığı olmalıdır, həm də polis işçiləri özlərini çox mədəni şəkildə aparmalıdır. Belə olan halda siz Azərbaycan xalqının daha böyük rəğbətini qazanacaqsınız. Bu işlərdə Polis Akademiyasının böyük rolu var». Bu tələb və tövsiyələr akademiyanın hər bir əməkdaşının fəaliyyətinin istiqamətini müəyyənləşdirmişdir.
İllər keçir və müstəqil Azərbaycan üçün xidmət edən DİN-in Polis Akademiyasnın 20 ili tamam olur. Bu illər ərzində akademiya çox böyük nailiyyətlər əldə etmişdir. Lakin müasir zaman polis zabitlərinin hazırlanması sahəsində yeni tələblər və vəzifələr qoyur. DİN-in Polis Akademiyasının şəxsi heyəti zamanın tələblərinə layiqli cavab verməyə daim hazırdı və rəhbərliyin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.
Geriyə | Çap versiyası