xəbərlər

Polis Akademiyasında yeni tədris ili başlanmışdır

15.09.2011



 DİN-in Polis Akademiyasında yeni tədris ilinə hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Yataqxanalar, yeməkxana və tədris korpusları, idman qurğuları təmir edilmiş, ərazidə abadlaşdırılma və yaşıllaşdırılma işləri aparılmışdır. Sinif otaqları və mühazirə zalları lazımi avadanlıqlarla və texniki vasitələrlə  təchiz olunmuş, kitabxanalara yeni ədəbiyyatlar alınmışdır. 

13.09.2011-ci il tarixdə Polis Akademiyasının Elmi Şurasında 2010/2011-ci tədris ilinin yekunları, yeni dərs ilində tədris prrosesinin təkmilləşdirilməsi tədbirləri geniş müzakirə olunmuşdur. Akademiya rəisi, polis general-mayoru cənab Nazim Əliyev ətraflı çıxışında yol verilmiş qüsurları qeyd etməklə aidiyyəti xidmətlər və kafedralar qarşısında konkret vəzifələr müəyyən etmiş, peşəkar polis kadrların yetişdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinin, bilavasitə cənab Nazir, general-polkovnik Ramil Usubovun tələb və tövsiyələrini şəxsi heyətə bir daha çatdırmışdır. Kafedra və şöbə rəisləri çıxışlarında yeni tədris ilində işlərinin müasir tələblərə uyğun quracaqlırını bildirmişdilər.  

Sentyabrın 15-də «Bilik günü» Polis Akademiyasında təntənəli qeyd olunmuşdu. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi   bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə   yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunmuşdur.

  Akademiyanın rəisi, polis general-mayoru cənab Nazim Əliyev sıra meydanında düzülmüş bütün şəxsi heyəti yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etmiş, ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı nəticəsində müdavimlər və və dinləyicilər  üçün hərtərəfli şəraitinin yaradıldığını vurğulamış, hər birinin təhsilə və intizama məsuliyyətlə yanaşmalırını, savadlı polis zabiti kimi yetişmək üçün əllərindən gələnin əsirgəməməyi tövsiyə etmişdir. Sonra ötən tədris ilinin ikinci semestrinin nəticələrinə görə təhsildə yüksək nailiyyətlər əldə etmiş bir qrup müdavimə qiymətli hədiyyələr təqdim olunmuş, Budo döyüş idman növü üzrə dünya birinciliyində birinci yerə layiq bilinmiş «Fiziki hazırlıq» kafedrasının müəllimi Həsən Əliyev mükafatlandırılmasına dair əmr elan edilmişdir.

Şəxsi heyətin «Polis Akademiyasının marşı» sədaları altında tribunanın qarşısından keçidi ilə təntənəli tədbir başa çatmışdır.  

 

 

 

 

Geriyə | Çap versiyası