xəbərlər

«Böyük Vətən müharibəsində Qələbənin 68-ci ildönümü»

08.05.2013

Bəşər tarixində miqyasına, vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə baş vermiş müharibələrin ən dəhşətlisi olan bu müharibədə qələbənin təmin olunmasında Azərbaycan xalqının xidmətlərinin şəxsi heyətə çatdırılması, gənc nəslin milli vətənpərvər ruhda tərbiyə olunması, müharibədə qəhrəmancasına həlak olmuş həmvətənlərimizin əziz xatirələrinin təntənəli şəkildə yad edilməsi, ön və arxa cəbhələrdə fədakarlıq göstərmiş müharibə veteranlarına, habelə onların ailə üzvlərinə xüsusi diqqət və qayğının daha da artırılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında silsilə tədbirlər həyata keçirilmişdir.

Akademiyanın klubunda, ümumi kitabxanada və kursların yataqxanalarında «1941-1945-ci illər müharibəsində Qələbənin 68-ci ildönümü» münasibətilə fotostendlər quraşdırılmış, müdavimlər kurs rəhbərliklərinin iştirakı ilə birlikdə Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış abidələri ziyarət edərək tər çiçəklər qoymuşlar.

Daxili İşlər Nazirliyinin 01 may 2013-cü il tarixli G28-001-13 nömrəli göstərişin tələbinə uyğun olaraq 08.05.2013-cü il tarixdə Polis Akademiyasında Böyük Vətən Müharibəsi iştirakçısı, DİO veteranı Şıxnəbi Şəxnəbiyevin akademiyanın şəxsi heyətilə görüşü keçirilmişdir. Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyulmuşdur.

Görüşü DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev açaraq, II Dünya müharibəsi barədə iştirakçılara qısa məlumat çatdırmış və sözü qonağa vermişdir. Çıxış edən veteran keçdiyi odlu-alovlu müharibə, eyni zamanda şərəfli ömür yolları haqda söhbətlər aparmış, öz təcrübələrinə əsaslanaraq gənc nəsilə tövsiyələrini vermişdir. Keçirilən tədbirdə eləcə də «İctimai elmlər» kafedrasının rəisi, polis polkovniki, tarix üzrə fəlsəfə doktoru Teymur Əliyev «Azərbaycan II Dünya Müharibəsi dövründə» mövzusu ilə çıxış etmişdir.

Aparılmış söhbətlərin aktuallığı və bu günümüzlə səsləşməsi vəhdət təşkil etdiyindən görüş şəxsi heyət arasında böyük marağa səbəb olmuş və şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunmasına müsbət təsir göstərmişdir.
Geriyə | Çap versiyası