xəbərlər

DİN-in Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

21.10.2014

 Qloballaşma şəraitində cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə 21 oktyabr tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.


Konfransda Belarus Respublikası DİN-in Mogilyov İnstitutunun rəisi, polis general-mayoru Polişuk Valeri Nikolaeviç, JUSTO Avropa İnstitutunun “Cinayətkarlığa qarşı mübarizənin hüquqi vasitələri” kafedrasının müdiri, h.e.d., professor Qolik Yuri Vladimiroviç, O.E.Kutafin adına Rusiya Dövlət Hüquq Universitetinin professoru, h.e.d., professor Catiyev Vladimir Soltanoviç, Rusiya Kriminoloji Assosasiyasının vitse-prezidenti Varıqin Aleksandr Nikalayeviç, Rusiya Kooperasiya Universitetinin Çeboksar Kooperativ İnstitutunun “Kriminologiya və hüquq-mühafizə orqanları” kafedrasının müdiri, h.e.d., professor Kirillov Mixail Andreyeviç, M.V.Lomonosov adına Şimali (Arktiki) Federal Universitetinin “Cinayət hüququ və prosesi” kafedrasının müdiri, h.ü.f.d., dosent Maşinskaya Natalya Viktorovna, Türkiyə Cumhuriyyətindən dr. Tuba Topçuoğlu, Ukrayna Respublikasından Strus Vasiliy Mixayloviç, Françuk Vasiliy Valeryeviç, Belarus Respublikasından Şkalperov Yuriy Pavloviç, Moldovadan Babin Oleq Nikolayeviç, Jitar Viktoriya Dmitriyevna, Tacikistan Respublikasından Yuldoşev Rifat Raxmatconoviç, Aripov Anvar Lutfiloyeviç, Azərbaycanın hüquqşünas alimləri: h.e.d., professor İlham Rəhimov, h.e.d., professor Xanlar Ələkbərov, h.e.d., professor Bəhram Zahidov, h.e.d., professor Habil Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə Akademiyasının, Gömrük Akademiyasının, Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Qafqaz Universitetinin, Baş Prokurorluğun və daxili işlər orqanlarının müxtəlif xidmətlərinin nümayəndələri iştirak edirdilər.

Beynəlxalq elmi-praktik konfransı açan DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru, h.ü.f.d., dosent Nazim Əliyev bildirmişdir ki, ictimai münasibətlərin qloballaşma şəraitində sürətli inkişafı cinayətlərin yeni növlərinin yaranmasına, cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəricilərinin daha dinamik dəyişkənliyinə təkan vermişdir. Mürəkkəb və ziddiyyətli məzmuna malik qloballaşma prosesi cinayətkarlığın sistemli və detallaşdırılmış təhlilini, profilaktik tədbirlərin strateji əsaslarının yaradılması istiqamətlərinin araşdırılmasını, cinayətkarlığın beynəlxalq və regional problemlərinin öyrənilməsini zəruri edir.

 Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılmışdır:
• Qloballaşma şəraitində cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri.
• Cinayətkarlığın inkişaf tendensiyalarına qloballaşmanın təsiri.
•  Regional cinayətkarlığın kriminoloji tədqiqinin müasir modelləri.
• Cinayətkarlığın qloballaşma şəraitində kriminoloji tədqiqinin regional problemləri.
• Dünya cinayətkarlığının inkişaf meylləri və qloballaşma.
• Cinayətkarlığın ayrı-ayrı növlərinin (Yetkinlik yaşına çatmayanların, iqtisadi, zorakı, ekoloji, mütəşəkkil, insan alveri, kiber cinayətkarlıq və s.) beynəlxalq və regional problemləri.
• Narkotizmin qloballaşma şəraitində kriminoloji xüsusiyyətləri.
• Sosial-neqativ təzahürlərin cinayətkarlığa təsirinin beynəlxalq və regional problemləri.
• Regional cinayətkarlığın kriminoloji tədqiqinin viktimoloji aspektləri.

Əcnəbi qonaqların və Azərbaycan Respublikası alimlərinin, təcrübi işçilərin maraqlı fikir və diskussiyaları ilə yadda qalan konfransın yekununda Polis Akademiyasının müdavimləri arasında keçirilmiş intellektual yarışmanın qalibləri mükafatlandırıldı.
Geriyə | Çap versiyası