xəbərlər

Polis Akademiyasında “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun məktəblilərlə görüşü keçirilmişdir.

28.01.2015

 “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında” 30 sentyabr 2014-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə”nin vəziyyəti haqqında 02 dekabr 2014-cü il tarixli DİN-in Kollegiya Qərarlarından irəli gələn vəzifələrin icrası məqsədi ilə Polis Akademiyasının “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun növbəti tədbiri həyata keçirilmişdir. 28 yanvar 2015-ci il tarixdə Xəzər rayonu 156 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərinin Polis Akademiyasında sektorun üzvləri və müdavimlərlə görüşü keçirilmişdir.

Tədbiri giriş sözü ilə kafedranın rəisi, polis polkovniki Vaqif Abışov açaraq bildirdi ki, yetkinlik yaşına çatmayanların sağlam və mütərəqqi mühitdə böyüməsi dövlətimizin prioritet vəzifələrindən sayılır. O, görüş iştirakçılarının diqqətinə çatdırdı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uşaqlara olan qayğını bütün qayğılardan üstün hesab edərək qeyd edirdi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır”.

Uşaq hüquqlarının qorunmasının əsas təminatçılarından biri məhz daxili işlər orqanlarının olmasını vurğulayan Vaqif Abışov bu sahədə gənc polis kadrları hazırlayan Polis Akademiyasının rolu haqqında da ətraflı məlumat verdi.
Kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov yetkinlik yaşına çatmayanların kriminal davranışlarının səbəbləri və profilaktikası istiqamətləri haqqında qonaqları maraqlandıran açıqlamalar verdi.
Xəzər rayonu 156 saylı tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri Lətif Bilalov yaradılmış şəraitə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirərək bu səpgili tədbirlərin gənclərdə vətənpərvərlik ruhunun və dövlət qulluğuna marağının artırılmasında xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

Daha sonra orta məktəb şagirdləri Polis Akademiyasında “Heydər Əliyev Mərkəzi”, idman şəhərciyi, atıcılıq tiri və tədris otaqları ilə tanış oldular. Məktəblilərin böyük marağına səbəb olmuş tədbirin yekununda onlar ümummilli lider Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirdilər.
Geriyə | Çap versiyası