xəbərlər

Polis Akademiyasında “Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə təlim-tədris strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

24.04.2015

 23-24 aprel 2015-ci il tarixlərində DİN-in Polis Akademiyasında Avropa Polis Kollecləri Assosiasiyası (AEPC) ilə birgə “Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə təlim-tədris strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Beynəlxalq konfransı daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev giriş sözü ilə açıb, qonaqları salamlamış və tədbir haqqında fikirlərinin bildirmişdir.

Konfransın əvvəlində APEC-in prezidenti Helen Martini və DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.

Tədbirin işində 19 ölkədən (Azərbaycan, Türkiyə, Fransa, Almaniya, Avstriya, Belçika, Çexiya, Estoniya, İspaniya, İsveç, İtaliya, Latviya, Macarıstan, Makedoniya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya), 33 nümayəndə, o cümlədən 9 ölkənin polis ali məktəblərinin rəisləri və 11 əməkdaşı iştirak etmişlər.

Birinci gün keçirilən ümumi yığıncaqdan sonra konfrans işini 3 bölmədə davam etdirmişdir. Bölmələrdə müzakirə edilən problemlər aşağıdakılar idi: beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizədə polisin qarşısında duran aktual məsələlər, beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizədə aktual məsələlərin milli və beynəlxalq səviyyələrdə həllinin strategiyasının və tədris təşəbbüslərinin qısa izahı, beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizədə polis əməkdaşlarının hazırlanmasında mütərəqqi təcrübənin tövsiyə və tətbiq olunması.
Konfransın yekunu üzrə iştirak edən ekspertlərin tərəfindən bütün çıxışlar ümumiləşdirilərək beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair təlim strategiyası icmalının layihəsi hazırlanmışdır. Yüksək səviyyədə təşkil olunub keçirilən tədbirin sonunda hər bir iştirakçıya Azərbaycan Respublikası DİN-in Polis Akademiyası və Avropa Polis Kollecləri Assosiasiyasının müvafiq nümunəli Sertifikatı təqdim edilmişdir.
Geriyə | Çap versiyası