xəbərlər

Polis Akademiyasında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsinin iştirakı ilə mühazirə keçirilmişdir.

15.05.2015

 15 may 2015-ci il tarixində “İnzibati məsuliyyət” fənni üzrə I tədris saatında “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə tədris cədvəlinə əsasən II kursun I birləşməsində “İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyət” mövzusunda DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, h.ü.f.d., dosent Hikmət Eyvazovun iştirakı ilə mühazirə keçirilmişdir. Mühazirənin girişində “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev bildirdi ki, bu cür mühazirə dərsinin təşkil edilməsinin məqsədi Azərbaycan Respublikası DİN-in 5 yanvar 2013-cü il tarixli Ə1-001-13 nömrəli əmrinin 8-ci və Kollegiyasının 29 noyabr 2013-cü il tarixli KQ-5/2 nömrəli Qərarının 6-cı bəndlərinin icrası ilə əlaqədar müdavimlərin nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsidir.

Mühazirənin I hissəsini tədris prosesinə dəvət edilən DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, h.ü.f.d., dosent Hikmət Eyvazov aparmışdır. O,  mühazirə planı əsasında mövzuya giriş verdikdən sonra “İctimai qayda əleyhinə olan inzibati xətalara görə məsuliyyət” haqqında təhsilalanlara məlumatlar verdi. Bu sual üzrə məlumatların təqdimatında mühazirəçi DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin müvafiq statistik göstəricilərinə (2013-2014-cü illər üzrə) istinad etməklə, aidiyyəti xəta tərkibləri haqqında məlumatları müqayisəli şəkildə izah etdi. Daha sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı, h.ü.f.d., dosent Hikmət Eyvazov təhsilalanlara peşəkar kadr kimi formalaşmaları üçün tələb olunan biliklərə yiyələnmələri yönümündə öz tövsiyələrini verdi.

Mühazirənin II hissəsi kafedranın baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev tərəfindən aparıldı. Mühazirənin bu hissəsində ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalara görə məsuliyyət müəyyən edilməsinə dair normativ hüquqi tənzimləmə müzakirə predmetini təşkil etdi. Təhsilalanların diqqətinə çatdırıldı ki, qeyd edilən sahəyə aid hüquqpozmalar cəmiyyəti narahat edən əsas neqativ təzahürlər sırasına daxildir. Mühazirəçi aidiyyəti suallar üzrə müvafiq qayda pozuntuları haqqında foto görüntülər nümayiş etdirməklə, yaranan suallara aydınlıq gətirdi.

Yekunda hər iki mühazirəçi tərəfindən təhsilalanların mövzuya dair suallarına aidiyyəti izahlar verildi. Daha sonra “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəfquliyev qonağa təhsilalanlar adından təşəkkürünü bildirdi. Sonda qonaq ilə xatirə şəkli çəkdirildi.
Geriyə | Çap versiyası