xəbərlər

Polis Akademiyasının müdavimlərdən ibarət komandası “Breyn-Rinq” intellektual oyununda iştirak etmişdir.

15.04.2016

 İstedadlı gənclərin aşkar olunması, onların intellektual səviyyəsinin inkişafını təmin еtmək məqsədilə 15 aprel 2016-cı il tarixdə Xəzər rayon Gənclər və İdman İdarəsi və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Evində “Breyn-Rinq” intellektual oyunu üzrə Xəzər rayon açıq çempionatı keçirilmişdir.

Çempionatda polis polkovnik-leytenantı Natiq Bağırovun rəhbərliyi ilə DİN-in Polis Akademiyasının I kurs müdavimləri Mirzəyev Nurlan Səyyaf oğlu, Rzayev Məhəmməd İlqar oğlu, II kurs müdavimi Eyvazov Süleyman Vilayət oğlu, III kurs müdavimi Allahverdiyev Mətin Bəşir oğlu, IV kurs müdavimləri Qaffarov Qaffar Əli oğlu, Xəlilov Abdulla Yaqub oğlu komandası iştirak etmişdir. Yarışmada ümumilikdə 7 komanda üzrə (Polis Akademiyasının «Meqapolis» komandası, 5 №-li Bakı Peşə məktəbinin “Xəmsə” komandası, Fövqəla də Hallar Nazirliyinin 9922 saylı hərbi hissəsinin “Xilasedicilər” komandası, “Gənc müəllimlər” komandası və Xəzər rayonunun gənclərdən ibarət digər 6 komandası) 60 gənc iştirak etmişdir.
   
Yarışmanın nəticələrinə əsasən DİN-in Polis Akademiyasının “Meqapolis” komandası yüksək bilik nümayiş etdirərək II yeri tutmuşdur. Xəzər rayon Gənclər və İdman Idarəsi tərəfindən yarışın qaliblərinə kubok, diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.  
Geriyə | Çap versiyası