xəbərlər

Polis Akademiyası Konstitusiya günü münasibətilə 7 nömrəli tam orta məktəbdə tədbir keçirdi

13.11.2017

 12 noyabr - Konstitusiya günü münasibətilə 10 noyabr 2017-ci il tarixdə “Mənim konstitusion hüquqlarım” mövzusunda Səbail rayonu, M.Rahim adına 7 nömrəli tam orta məktəbdə şagirdlər və Polis Akademiyasının kursantlarının iştirakı ilə tədbir keçirildi. Əvvəlcə şagirdlərin ifasında Dövlət himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Həsənova Konstitusiyamızın tarixindən danışaraq Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi bir çox islahatlar haqqında tədbir iştirakçılarına məlumat verdi.

Daxili İşlər Nazirliyi Polis Akademiyasının “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazov bildirdi ki, böyük siyasətçi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində dövlətimiz möhkəmləndi, Azərbaycan böyük bir inkişaf yoluna qədəm qoydu. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunan Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb. O da vurğulandı ki, ulu öndərin siyasi kursunu qətiyyətlə davam etdirən layiqli varisi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq işləri nəticəsində son illər ölkəmiz daha da inkişaf etmiş, bütün sahələrdə uğurlar qazanmışdır.

Tədbirdə “Azərbaycan Konstitusiyalarının tarixi” mövzusunda Polis Akademiyasının II kurs kursantı Ağayev Taleh, “Mülki hüquqlarımızın konstitusion əsasları”  mövzusunda II kurs kursantı Ceyidli Elgün, “Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsinin əsasları” mövzusunda V kurs kursantı Əliyev Həsən, “Yaşı 18-dən az olan şəxslərin əmək hüququ” mövzusunda V kurs kursantı Abbaslı Nahid, “Təhsil hüququnun konstitusion əsasları” mövzusunda V kurs kursantı Nəcəfov Əhəd çıxış etdilər.

Tədbirdə şagirdlərin sualları cavablandırldı, şagirdlər vətənpərvərlik ruhunda şeirlər söylədilər, mahnılar ifa etdilər. Bildirildi ki, bu gün qarşımızda duran ən mühüm vəzifə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal olunmuş torpaqlarımızın azad olunaraq geri qaytarılmasıdır.
 Tədbirin sonunda Polis Akademiyasının əməkdaşları tərəfindən müəllim və şagirdlərə hədiyyələr təqdim edildi.

Geriyə | Çap versiyası