xəbərlər

Polis Akademiyasının kursantları bilik yarışlarında

14.11.2017

 Polis Akademiyasında aparılan məqsədyönlü təlim-tədris prosesinin nəticəsidir ki, təhsilalanların beynəlxalq və respublika səviyyəli bilik yarışmalarında iştirakı ənənə halını almışdır. Akademiyanın kursantları belə tədbirlərdə əldə etdikləri bilik və bacarıqları layiqincə nümayiş etdirərək yüksək nəticələr göstərirlər.
Son dörd ildə Respublikanın ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ümumrespublika bilik yarışında Polis Akademiyasının komandası mütəmadi olaraq iştirak edir. 2015-ci il noyabr ayının 10-da keçirilən və Respublikanın 46 ali təhsil müəssisəsinin tələbələrinin təmsil olunduğu «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda II ümumrespublika bilik yarışında Polis Akademiyasının komandası 2-ci yerə layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, Polis Akademiyasının komandası bu bilik yarışlarında daima ilk beşlikdə qərarlaşmışdır.
2017-ci ilin noyabr ayının 11-də Heydər Əliyev Mərkəzində təşkil olunan Respublikanın 44 ali təhsil müəssisəsinin tələbələrinin təmsil olunduğu “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda IV ümumrespublika bilik yarışında Akademiyanın V kurs kursantları Toğrul Arazlı, Elnur Nəcəfov, Turab Yusubov, Mətin Allahverdiyev, Nahid Abbaslı II kurs kursantı Bəxtiyar Əlizadə, I kurs kursantları Elvin Ramazanov və Rəhman Cahangirov iştirak etmişdir.

Üç turda keçirilən bilik yarışının 36 sualından 33-ü Polis Akademiyasının komanda üzvləri tərəfindən müvəffəqiyyətlə cavablandırılmışdır. Yekunda 35 balla birinci yerə layiq görülmüş Dövlət Sərhəd Xidməti Akademiyasının komandasından Polis Akademiyasının komandası cəmi 2 bal fərqlə geri qalaraq ümumi hesabla 4-cü olmuşdur.
Qeyd olunan tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tələblərindən irəli gələrək gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunmasını təmin etmək məqsədilə Azərbaycan Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar, Təhsil Nazirlikləri və Azərbaycan Televiziya və Radio Verilişləri qapalı səhmdar cəmiyyətinin dəstəyi ilə keçirilən “Mən Azərbaycanlıyam” intellektual telelayihəsi də keçirilmişdir.

2017-ci ilin 25 aprel tarixində yarışmanın qalibi, 1 may tarixində qaliblərin qalibi olmuş Polis Akademiyasının əyani təhsil üzrə I kurs kursantı, “Prezident təqaüdçücü” Ələkbərov İlkin İntiqam oğlu milli bilik yarışmasının super finalında II yerə layiq görülmüşdür.
Təhsilalanların bilik yarışmalarına hazırlığı, dünyagörüşünün inkişafı, intellektual səviyyələrinin təkmilləşdirilməsində Polis Akademiyasının “İctimai elmlər” kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov və kafedranın baş müəllimi, polis kapitanı Rəşad Qasımovun rolu xüsusilə vurğulanmalıdır.


Geriyə | Çap versiyası