xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan Gənc Alimlərinin I Qurultayı Nümayəndəsi” mövzusunda qurultay keçirilmişdir

21.12.2017

 15.09.2017-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasında AMEA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib. Tədbir iştirakçıları öncə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Qurultayı da AMEA-nın, digər elm və təhsil müəssisələrinin professor-müəllim heyəti ilə yanaşı, Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin elmi əməkdaş, polis baş leytenantı, h.ü.f.d., Fəxri Vəliyev iştirak edib.

 Qurultayı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin 15.09.2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirib. Akademik Akif Əlizadə tədbirin əhəmiyyətindən danışaraq qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib. Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu Azərbaycan Respublikası Preziden¬inin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səsləndirib.
 Tədbirdə akademik Akif Əlizadə AMEA-nın gənc alimlərinin bir çox elmi nailiyyətlər əldə etdiyini, yeni kəşflərə imza atdıqlarını bildirib: "Gənclərimiz Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Cenevrədə yerləşən Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) və digər beynəlxalq elmi mərkəzlərdə aparılan qlobal elmi layihələrdə yaxından iştirak edir. Molekulyar biologiya və biotexnologiyalar sahəsində gənc alimlərin apardığı tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə olaraq xüsusi bitkilərdə fitoplazma patogeni aşkar olunub, dünya elmi üçün dörd yeni genotip müəyyən edilib.
 Akademiyanın gənc alimlərinin yaxından iştirakı ilə yeni sinif unikal funksional materiallar – topoloji izolyatorlar sintez olunub, Avropa Birliyi ölkələri və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilib".

Çıxışının sonunda qurultay iştirakçılarını təbrik edən akademik Akif Əlizadə gənc alimlərə elmi fəaliyyətlərində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevə  gənclərə göstərdiyi xüsusi diqqət və qayğıya görə bütün Qurultay iştirakçıları adından dərin minnətdarlığını bildirib.
 Qurultayda çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov ölkədə həyata keçirilən gənclər siyasətindən danışıb: "Gənclər və İdman Nazirliyi yeniyetmə və gənclərin elmə marağının artırılması istiqamətində bir sıra layihələr həyata keçirir. Belə ki, "İstedadların hazırlığı laboratoriyası" layihəsi artıq beş ildir həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Bu müddət ərzində səkkiz min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadada iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər". Nazir, həmçinin rəhbərlik etdiyi qurum tərəfindən ilk dəfə keçirilən milli "İdeya var!" müsabiqəsi haqqında məlumat verib. Bu cür layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

 Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov elm və təhsilin inkişafı üçün ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin bir çox fərman və sərəncamlar imzaladığını qeyd edərək bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksəkixtisaslı mütəxəssis və alimlərin hazırlandığını vurğulayıb. XXI əsrin milli təhsil quruculuğunun "yol xəritəsi" sayılan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən söz açan Ceyhun Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə görülən işlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib.

 Daha sonra Azərbaycan gənc alimlərinin I qurultayının bəyannaməsi qəbul olunub. Sənəddə bildirilir ki, intellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin koordinasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi vacibdir. Qurultay iştirakçıları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə nail olmaq üçün elm və təhsilin inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində bundan sonra da səyləri birləşdirməyə çağırır. Bəyannamədə gənc alimlərin intellektual fəaliyyəti ilə bağlı mövcud qanunvericilik bazasının gücləndirilməsinin, müasir tələblər səviyyəsində normativ hüquqi sənədlərin hazırlanmasının vacibliyi qeyd olunur.



Geriyə | Çap versiyası