xəbərlər

DİN-in Polis Akademiyasında “20 Yanvar” faciəsinin 28-ci ildönümü anıldı

20.01.2018

 Vətən şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Sabah "Qanlı Yanvar"ın 28-ci ildönümüdür. 28 il öncə Azərbaycan xalqının taleyində də qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş.

“20 Yanvar” faciəsinin 28-ci ildönümünün qeyd edilməsi barədə DİN-in müvafiq göstərişi ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir.
Müvafiq tədbirlər planı tərtib edilərək təsdiqlənmiş, klubda və kursların yataqxanalarında “20 Yanvar” faciəsini əks etdirən fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuş, kursant heyətinə 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən faciənin səbəbkarları barədə geniş və ətraflı məlumatlar verilərək bu mövzuda yığıncaqlar keçirilmişdir.

“20 Yanvar” faciəsinin 28-ci ildönümü ilə əlaqədar 16.01.2018-ci il tarixdə DİN-in Veteranlar Şurasının sədri Fərhad Süleymanovun iştirakı ilə Akademiyanın klubunda tədbir keçirilmişdir. İlk öncə Ümummilli Liderimiz Heydər Əliyevin, “20 Yanvar” faciəsinin qurbanlarının, Vətənimizin ərazi bütövlüyü uğrunda, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “20 Yanvar” faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Tədbir zamanı Fərhad Süleymanov tərəfindən o günlərin acı xatirələri anılmış, kursant heyətinə xalqımıza qarşı 20 yanvar gecəsi xüsusi amansızlıqla törədilən faciənin tarixi, baş vermə səbəbləri və nəticələri barədə geniş və ətraflı məlumat verilmişdir.

Polis Akademiyasının dəyişkən heyətinə xalqımızın müstəqilliyi, ərazi bütövlüyü, azadlıq uğrunda mübarizə əzmini aşılamaq məqsədilə, həmçinin “20 Yanvar” faciəsinin 28-ci ildönümü ilə əlaqədar 17.01.2018-ci il tarixdə kursantların “Şəhidlər xiyabanı”na ziyarəti təşkil edilmiş və şəhidlərin məzarları üzərinə tər çiçəklər qoyulmuşdur. “Şəhidlər xiyabanı”nı ziyarət zamanı kursantlar orada yerləşən türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək şəhidlərin məzarları üzərinə tər çiçəklər qoymuşlar.

Geriyə | Çap versiyası