xəbərlər

“31 mart – Azərbaycanlıların soyqırımı günü” Polis Akademiyasında yad edildi

02.04.2018

 Akademiyada kursların yataqxanalarında “31 mart – Azərbaycanlıların soyqırımı günü”nü əks etdirən fotostendlər quraşdırılmış, Azərbaycan xalqının son iki əsr ərzində üzləşdiyi bu dəhşətli soyqırımın mahiyyəti, törədilmə səbəbləri barədə divar qəzetlərində məqalələr dərc olunmuş, kursant heyəti ilə “Azərbaycanlıların soyqırımı” mövzusunda yığıncaqlar keçirilərək qırğınları təşkil edən cinayətkar şəxslər barədə ətraflı məlumatlar verilmişdir.

30.03.2018-ci il tarixdə saat 16.00-da Polis Akademiyasının Heydər Əliyev Mərkəzində Akademiyanın daimi və dəyişən heyətinin iştirakı ilə “31 mart – Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilmişdir. İlk öncə bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, soyqırım qurbanlarının, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək tədbir açıq elan edilmişdir. Tədbirə soyqırımla bağlı müvafiq mövzu ilə çıxış etməsi üçün Azərbaycan Dövlət Pedoqoji Universitetin müəllimi, tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev dəvət edilmişdir. O, çıxışında 1918-ci ildə və sonrakı dövrlərdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər, soyqırımın tarixi, səbəbləri və bu hadisələrə beynəlxalq səviyyədə siyasi qiymət verilməsi üçün Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın  26-da, 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümü ərəfəsində “31 mart – Azərbaycanlıların soyqırımı gününün qeyd edilməsi barədə” imzaladığı fərmanın tarixi əhəmiyyəti, erməni vəhşilikləri və xalqımıza qarşı törədilən soyqırımlar, tarixçilərin bu sahədə apardıqları tədqiqatlar, Azərbaycanın bir çox ərazilərində, xüsusilə şimal bölgəsində tarixi arxeoloji araşdırmalar zamanı aşkar edilmiş “Quba məzarlığı” barədə şəxsi heyətə məlumat vermişdir.
Tədbirdə 1918-ci il mart hadisələrini özündə əks etdirən tarixi-sənədli videofilm nümayiş etdirilmişdir.



Geriyə | Çap versiyası