xəbərlər

Xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının birinci ümumrespublika konfransı keçirilib

10.05.2018

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda Azərbaycan Respublikasının xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının birinci ümumrespublika konfransı keçirilib.

Konfransda - Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Daxili Qoşunların Ali Hərbi Məktəbinin, Fövqəladə Hallar Nazirliyi Akademiyasının, Dövlət Gömrük Komitəsi Akademiyasının və Dövlət Sərhəd Xidməti Akademiyasının rəhbər heyəti və kursantları, həmçinin respublikanın tanınmış alimləri, hərbi təhsil və elm müəssisələrində Heydər Əliyev irsini araşdıran elm adamları və tədqiqatçılar, DTX-nin əməkdaşları, xüsusi xidmət orqanlarının veteranları iştirak ediblər.
Polis Akademiyasının nümayəndə heyətində Akademiyanın rəisi, polis general-mayoru, h.ü.e.d. Nazim Əliyev, rəisin tədris və elmi işlər üzrə müavini polis polkovniki, h.ü.e.d., professor Mahir Əhmədov, Elmi tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi,polis polkovnik-leytenantı Hikmət Eyvazov, İctimai elmlər kafedrasının rəisi polis kapitanı Rəhim Məcnunov, kafedranın baş müəllimi polis kapitanı Rəşad Qasımov və kursantlar iştirak ediblər.
Konfransın məqsədi Azərbaycanın hərtərəfli tərəqqisi yolunda ölçüyəgəlməz tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr vermiş ümummilli lider Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin gənc nəslə aşılanması və öyrədilməsidir.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək Mərkəzin foyesindəki abidəsi önünə əklil qoyub və gül dəstələri düzüblər.

Sonra iştirakçılar DTX-nin Heydər Əliyev adına Akademiyası tərəfindən çap etdirilən kitablardan ibarət sərgi ilə tanış olublar.
Daha sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Birinci ümumrespublika konfransının plenar iclasında çıxış edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsini icra edən, general-leytenant Əli Şəfiyev ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışaraq, dahi şəxsiyyətin istər xüsusi xidmət orqanlarında, istərsə də ali dövlətçilik fəaliyyətində keçdiyi şərəfli xidmət yolunun daim öyrənildiyini diqqətə çatdırıb. Bu baxımdan Azərbaycan Respublikasının xüsusi təyinatlı ali hərbi məktəblərinin kursantlarının birinci ümumrespublika konfransının keçirilməsinin önəmi xüsusi vurğulanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin öyrənilməsi üçün genişmiqyaslı araşdırmaların və tədqiqatların aparıldığını diqqətə çatdırıb. O, AMEA-nın Tarix İnstitutunda fəaliyyətə başlayan Əliyevşünaslıq Elmi-Tədqiqat Mərkəzi tərəfindən bu dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi üçün sanballı elmi araşdırmaların aparıldığını və müxtəlif nəşrlərin hazırlanıb çap edildiyini bildirib. Ümummilli lider Heydər Əliyevin dünya tarixində misilsiz iz qoymuş görkəmli şəxsiyyətlər, o cümlədən Otto fon Bismark, Mustafa Kamal Atatürk, Cəvahirləl Nehru, Şarl de Qoll ilə müqayisə olunduğunu diqqətə çatdıran alim deyib ki, Ulu Öndər dünyanın altıdabirinə nəzarət edən SSRİ kimi nəhəng dövlətin rəhbərliyinə sırf uzaqgörən zəkası və istedadı sayəsində qalxmışdı. Bu, onu digər şəxsiyyətlərdən daha yüksəyə ucaldır. Ona görə də xalqımız bu görkəmli şəxsiyyətlə daim qürur duyacaq.
Alim hələ sovet dövründə ulu öndər Heydər Əliyevin xalqımızı müstəqilliyə hazırlayaraq, milli zabit kadrların yetişdirilməsi üçün misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirib ki, məhz dahi şəxsiyyətin yorulmaz səyləri sayəsində Bakıda fəaliyyətə başlayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları olan milli zabit kadrları Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ərazi bütövlüyümüzün bərpasında qəhrəmanlıq nümunələri göstəriblər. O, Ümummilli Liderin Azərbaycanın xüsusi xidmət orqanlarının şəxsi heyətinin milliləşdirilməsi sahəsində xidmətlərinin dahi şəxsiyyətin Vətəninə, xalqına və dövlətinə bağlılığının göstəricisi olduğunu diqqətə çatdırıb.

Y.Mahmudov AMEA-nın Tarix İnstitutu, eləcə də Əliyevşünaslıq Elmi-Tədqiqat Mərkəzi tərəfindən çapdan çıxan bir neçə tədqiqat əsərini DTX-nin Heydər Əliyev adına Akademiyasına hədiyyə edib.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, general-mayor, h.ü.e.d. Nazim Əliyev ümumrespublika konfransında aparılan müzakirələrin ulu öndər Heydər Əliyev irsinin tədqiqi və araşdırılması işinə mühüm töhfə verəcəyinə əminliyini bildirib. N.Əliyev müstəqilliyin əvvəllərində Azərbaycanın vətəndaş müharibəsi, məhv olmaq, parçalanmaq təhlükəsi ilə qarşılaşdıqda xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəmizi bu çətin sınaqlardan üzüağ çıxaraq, ordu quruculuğu, ictimai-siyasi sabitliyin, demokratik inkişafın, qanunun aliliyinin təmin olunması sahələrində yorulmaz fəaliyyətindən söz açıb. Diqqətə çatdırılıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın dinamik inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi sayəsində sürətlə inkişaf edən ölkəmiz regionun lider dövlətinə çevrilməklə yanaşı, dünya birliyində özünə layiqli yer tutub.
Konfransda Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi, general-mayor İlqar Məmmədov, Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov çıxış edərək konfransın əhəmiyyətini yüksək qiymətləndirib.

Açılış çıxışlarından sonra ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Sonra konfrans işini “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və ordu quruculuğu”, “Heydər Əliyev hüquqi, demokratik və sivil dövlətin təminatçısı kimi” mövzularında üç bölmə iclası ilə davam etdirib. Bölmə iclaslarında digər kursantlarla yanaşı Polis Akademiyasının 4-cü kurs kursantı Eyvazov Süleyman Vilayət oğlunun “Daxili işlər orqanlarının milli-mənəvi ruhda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin rolu”, 5-ci kurs kursantı Abbaslı Nahid Saməddin oğlunun “Ulu öndər Heydər Əliyevin demokratik dövlət quruculuğu fəlsəfəsi” adlı elmi məruzələri dinlənilib. 2-ci və 3-cü bölmənin məruzələri dinlənildikdən sonra Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, h.ü.e.d., professor, polis polkovniki Mahir Əhmədov yekun nitqi söylədi və iştirakçılara sertifikatlar təqdim edildi.

Geriyə | Çap versiyası