xəbərlər

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubileyi Polis Akademiyasında qeyd edildi

29.05.2018

 Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərq və islam tarixində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin 1918-ci ilin may aynın 28-də elan edilməsi xalqımızın yüzillər boyu apardığı azadlıq mübarizəsinin şanlı qələbəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq demokratik dövlətə mənsub olan bütün atributları özündə birləşdirmiş bu dövlət sülhsevər xarici siyasət xətti irəli sürmüşdür. Yaranmasının 100-cü ildönümü qeyd olunan Xalq Cümhuriyyətinin tariximizdəki rolu əvəzsizdir.

“28 may – Respublika günü” ilə əlaqədar 24 may 2018-ci il tarixində DİN-in Polis Akademiyasının konfrans zalında daimi və dəyişən heyətin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirə Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov dəvət edilmişdir. Bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra “Mülki hüquq” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Məmmədov Rəşad Yusif oğluna dosent elmi adı verilmiş diplom, kursantlar Abbaslı Nahid Saməddin oğlu, Zahidov Aslan Ehsan oğlu, Rzayeva Sürayyə İlqar qızı, Bayramov Edil Rizvan oğluna Ukrayna Respublikası DİN-in Lvov Dövlət Universitetində “Avropaya inteqrasiya konteksində kursantlarda xarici dil yetkinliyinin formalaşdırılması” mövzusunda keçirilmiş elmi-praktiki konfransa elmi məqalələr təqdim etiklərinə görə verilmiş sertifikatlar təqdim edilmişdir.

Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev tədbiri giriş sözü ilə açıq elan edərək xalqımızın 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olub şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın təməlini qoyması, elə həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsini qəbul etməsi, Ulu Öndər Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratması barədə şəxsi heyətə məlumat çatdırdıqdan sonra sözü dəvət olunan qonağa vermişdir. Çıxış edən siyasi elmlər doktoru, professor Elman Nəsirov Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olması, demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün  vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirdiyini bildirmişdir. Bundan başqa qonaq çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyasının unudulmadığını, məhz Ümummilli Lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdiyini, Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdiyini, xalqımızın Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd etdiyini, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə 16 may 2017-ci il tarixli Sərəncamı barədə geniş və ətraflı məlumat vermişdir.
Tədbir şəxsi heyət tərəfindən böyük maraqla qarşılanmışdır.
26 may 2018-ci il tarixində Akademiyanın kursant heyəti kurs rəhbərliyinin iştirakı ilə İstiqlal Muzeyini ziyarət etmişlər.






Geriyə | Çap versiyası