xəbərlər

Polis Akademiyasında KONFRANS

21.11.2008

 21 noyabr 2008-ci ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında BMT-nin Ümumdünya insan hüquqları bəyannaməsinin 60 illiyinə həsr edilmiş «Hüquq mühafizə orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı» elmi-praktiki konfrans keçirilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Polis Akademiyasının birgə təşkilatçılığı ilə baş tutan konfransa Respublikamızın bütün hakimiyyət budaqlarını təmsil edən nümayəndələr, eləcə də insan hüquqlarının təminatını bilavasitə həyata keçirən hüquq-mühafizə orqanlarının, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri dəvət edilmişdilər.

 Tədbir iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsinin önünə əklil qoyulması və xatirə fotoşəkilinin çəkilişi ilə başlayan bu tədbir, Polis Akademiyasında fəaliyyət göstərən «Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəzlə» tanışlıqla davam etdirildi. «İdeolji mərkəz»lə tanışlıqdan sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), professor Elmira Süleymanova, Millət vəkili Fuad Muradov, Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayev, mərkəzin «Fəxri kitabı»na öz ürək sözlərini qeyd etdilər.

Konfransı giriş sözü ilə Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev açaraq insan hüquqlarının ümumbəşəri dəyər kimi xarakterizə edərək son dövrdə Respublikada insan hüquqlarının təmini sahəsində görülmüş işlər barədə qısa məlumat verdi. Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), professor Elmira Süleymanova «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insan hüquqları sahəsində təməl sənədidir» adlı geniş məruzə ilə çıxış edərək, bəyannamənin bütün dünyada insan hüquqları sahəsində qəbul edilmiş normativ-hüquqi aktların hazırlanmasında, eləcə də təcrübi tətbiqi ilə bağlı əhəmiyyəti və Azərbaycan Respublikasında bu sənədin implementasiyası məsələləri haqqında məlumat verdi.

Daha sonra konfransda söz çıxışçılara verildi və Konstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin «İnsan hüquqlarının müdafiəsi sahəsində Konstitusiya Məhkəməsinin rolu», Azərbaycan Respublikası Ali məhkəməsinin hakimi,hüquq elmləri namizəd Vəfaddin İbayevin, «Məhkəmə orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı», Bakı Dövlət Universitetinin «Beynəlxalq hüqu və beynəlxalq münasibətlər» fakültəsinin dekan müavini, hüquq elmləri doktoru Əmir Əliyevin «Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquqlarına dair əsas beynəlxalq-hüquqi aktların qəbuluna təsiri məsələləri», Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat şöbəsi rəisinin müavini Anar Məmmədovun «Prokurorluq orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı», Polis Akademiyasının «Dövlət və hüquq nəzəriyyəsi» kafedrasının rəisi, polis polkovnik-leytenantı, hüquq elmləri namizədi Ceyhun Süleymanovun «Daxili İşlər Orqanlarının fəaliyyətində insan hüquqlarının təminatı» adlı çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi. Çıxışların ardınca davam edən müzakirələrdən sonra Akademiyanın rəisi polis general-mayoru Ramiz Nağıyev konfransa yekun vurdu.
Geriyə | Çap versiyası