xəbərlər

BİLİK YARDIMI DAVAM EDİR

14.05.2009

BİLİK YARDIMI DAVAM EDİR

Artıq bir neçə ildir ki, Polis Akademiyası əməliyyat-axtarış fəaliyyəti sahəsindəki biliyi ilə Respublikamızın digər qurumlarına yardım göstərir. İndiyədək Ədliyyə Nazirliyinin penitensiar xidməti, Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin əməliyyat xidmətinin onlarla əməkdaşı əməliyyat-axtarış fəaliyyəti sahəsindəki ilkin sirlərə məhz Polis Akademiyasının İxtisasartırma kursunda yiyələnmişlər. Bu ənənə indi də davam etməkdədir.

Belə ki, cari ilin may ayının 01-dən 30-dək Dövlət Gömrük Komitəsinin gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə baş idarəsinin əməliyyat əməkdaşları əməliyyat-axtarış fəaliyyəti sahəsində sirlərə yiyələnmək üçün bağlanmış müqavilə əsasında Polis Akademiyasının İxtisasartırma kursuna cəlb edilmişlər.

Kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə keçirilən tədbirdə ulu öndər ümummilli lider Heydər Əliyevin Akademiyada ucaldılmış abidəsi önünə əklil qoyulmuşdur. Baş İdarənin rəisi gömrük general-mayoru Güloğlan Muradlı göstərilən bilik yardımına və bu sahədə yaradılan şəraitə görə DİN-in o cümlədən Polis Akademiyası rəhbərliyinə öz təşəkkürünü bildirirək, məhz gömrük əməkdaşlarının burada aldığı biliklərin nəticəsində son zamanlar qaçaqmalçılığa o cümlədən sosial bəla olan naroktik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyətli dərəcədə yüksəlməsi faktını qeyd etmişdir.

Akademiya rəhbərliyi adından Polis Akademiyası rəisinin müavini, hüquq elmləri doktoru, polis polkovniki Mahir Əhmədov çıxış edərək bundan sonra da əməliyyat-axtarış fəaliyyəti sahəsində Polis Akademiyasının həmişə yardım edəcəyinə hazır olduğunu bildirmişdir. Sonda xatirə şəkili çəkilmiş, qarşılıqlı hədiyyələr verilmişdir.

Geriyə | Çap versiyası