xəbərlər

Polis Akademiyasında yeni tədris ili başlanmışdı

14.09.2009

Yeni tədris ilinin başlanması ilə əlaqədar DİN-in Polis Akademiyasında bir sıra təşkilati tədbirlər, təmir və abadlaşdırma işləri həyata keçirilmişdir. Sinif otaqları və mühazirə zalları, eləcə də müdavim yataqxanaları təmir olunaraq lazımi avadanlıqlarla, ümumi kitabxana isə yeni ədəbiyyatla təchiz olunmuş, akademiyanın ərazisində təmizlik, abadlıq və yaşıllaşdırma işləri aparılmış, müdavim heyətinin xarici görkəmi yoxlanılmışdır.

14.09.2009-cu il tarixdə keçirilmiş Elmi Şurada keçən tədris ilinin yekunları və 2009/2010-cu tədris ili üçün qarşıya qoyulmuş vəzifələr müzakirə edilmişdir. Şuranı giriş sözü ilə akademiyanın rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev açmış, yeni tədris ilinin başlanması ilə əlaqədar zabit heyətini təbrik edərək DİN-in rəhbərliyi tərəfindən tədris prosesinin yaxşılaşdırılması ilə bağlı tələblərini iştirakçılara çatdırmış, onlara xidmətlərində uğurlar arzulamışdır. Akademiya rəisinin müavini, polis polkovniki Mahir Əhmədov ötən tədris ilinin yekunu, mövcud çatışmazlıqlar və onların aradan qaldırılması yollarına dair ətraflı mühazirə ilə çıxış etmişdir. Müzakirələrdə iştirak edən fakültə və kafedra rəisləri yeni tədris ilində qarşıda duran vəzifələrin layiqincə yerinə yetirələcəyini, akademiyanın dəyişkən heyəti ilə aparılan dərslərin keyfiyyətinin artırılacağını qeyd edərək həyata keçirilən tədbirlər barədə məlumatlar vermişlər. Bundan əlavə Elmi Şura zamanı akademiyanın tədris sistemi barədə müxtəlif təkliflər və rəylər verildi. Sonda akademiya rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev layiqli polis zabiti kimi yetişdirmək məqsədilə müdavimlərlə aparılan işin daha da səmərəli olması üçün yeni metodlardan geniş istifadə etməyi və elmi-tədqiqat işlərinin fəallaşdırılmasını qeyd etmişdir.

15.09.2009-cu il tarixdə Polis Akademiyasında yeni tədris ilinin  açılışı və «Bilik günü» qeyd edildi. Saat 08.30-da bütün şəxsi heyət əsas sıra meydanında düzülmüşdür. Akademiya rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev şəxsi heyəti yeni tədris ili ilə təbrik edərək onlara dərslərində uğurlar arzulamış, daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun diqqət və qayğısı nəticəsində müdavimlər üçün hərtərəfli şəraitin yaradılması vurğulayaraq onlardan tədris və intizam məsələlərinə məsuliyyətlə yanaşmalarını, savadlı polis zabiti kimi yetişmək üçün əllərindən gələnləri etməyi tövsiyə etmişdir.
Geriyə | Çap versiyası