Polis akademiyası

xəbərlər

Polis Akademiyasında “20 Yanvar” faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

16.01.2015

 “Daxili işlər orqanlarında 20 yanvar faciəsinin 25-ci ildönümünün qeyd edilməsi haqqında” DIN-in göstərişinin icrası ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir.

Qeyd edilən göstərişlə bağlı müvafiq tədbirlər planı tərtib edilərək təsdiqlənmiş, klubda, ümumi kitabxanada və kursların yataqxanalarında “20 Yanvar” faciəsini əks etdirən fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuş, müdavim heyətinə 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən faciənin səbəbkarları barədə geniş və ətraflı məlumat verilərək bu mövzuda yığıncaqlar keçirilmişdir.

20 yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 16.01.2015-ci il tarixdə Polis Akademiyasının klubunda tədbir keçirilmişdir. İlk öncə ümummilli liderimiz Heydər Əliyevin, “20 Yanvar” faciəsinin qurbanlarının, Vətənimizin ərazi bütövlüyü uğrunda, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra «Ictimai elmlər» kafedrasının müəllimi, polis baş leytenantı Rəhim Məcnunov öz çıxışında müdavim heyətinə xalqımıza qarşı 20 yanvar gecəsi xüsusi amansızlıqla törədilən faciənin tarixi, baş vermə səbəbləri və nəticələri barədə geniş və ətraflı məlumat vermişdir. Çıxışdan sonra “20 Yanvar” faciəsinin həqiqətlərini özündə əks etdirən sənədli-tarixi videofilm nümayiş etdirilmişdir.

 Polis Akademiyasının dəyişkən heyətinə xalqımızın müstəqilliyi, ərazi bütövlüyü, azadlıq uğrunda mübarizə əzmini aşılamaq məqsədilə və 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar 16 yanvar 2015-ci il tarixdə saat 15.30-da Nizami kinoteatrında nümayiş etdirilən silsilə filmləri izləmələri üçün əyani təhsil üzrə I, III və IV kursların bir qrup müdavimləri müvafiq nəqliyyat vasitələri ilə həmin kinoteatra aparılmışlar.

17.01.2015-ci il tarixdə əyani təhsil alan I, II, III və V kursların şəxsi heyəti kurs rəhbərliyinin iştirakı ilə qruplarla “Şəhidlər xiyabanı”nı ziyarət edərək şəhidlərin məzarları üzərinə tər çiçəklər qoymuşlar.




Çap et  Çap et