Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasında “Azərbaycan polisinin tarixi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

29.06.2018

 20 iyun 2018-ci il tarixdə Azərbaycan Polisinin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan polisinin tarixi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Polis Akademiyasının həyətində ucaldılan abidəsini ziyarət edib,önünə əklil qoyublar.
Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi zamanı şəhid olan oğul və qızlarımızın, xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,sonra dövlət himni səsləndiriblər.
 Konfransda Rusiya Federasiyasının M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mülki proses kafedrasının dosenti, h.e.n. Sergey Moiseyev, N.İ.Lobaçevskiy adına Nıjniy Novqorod Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, cinayət hüququ və prosesi kafedrasının dosenti, h.e.n., dosent Svetlana Tixonova, Saratov Dövlət Hüquq Akademiyası Cinayət və cəza-icra hüququ kafedrasının dosenti, h.e.n. İrina Yefremova, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Baş Prokurorluğu, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası, Vergilər Nazirliyi Hüquq departamenti, Dövlət Təhlükəsizliyi Xidmətinin H.Əliyev adına Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Ədliyyə Akademiyası, Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyasının həmçinin, Daxili İşlər Nazrliyinin və onun struktur hissələrinin əməkdaşları iştirak ediblər.
Konfrans iştirakçılarına Daxili İşlər Naziri general-polkovnik cənab Ramil Usubovun salamlarını çatdıran Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev cinayətkarlığa qarşı mübarizədə polisin fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd etdi ki, güclü iqtisadi potensiala və siyasi nüfuza malik dövlətimizin etibarlı dayaq sütunlarından biri də 100 illiyini qeyd etdiyimiz Azərbaycan Polisidir. Yarandığı vaxtdan ictimai asayişin keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisi tarixin ona göstərdiyi hər sınaqda rəşadət və mərdlik nümunəsi olmuşdur. Azərbaycan polisinin yaranmasının tarixi aspektlərinə toxunan natiq vurğuladı ki, bir hüquq-mühafizə orqanı kimi Azərbaycan polisinin “intibah dövrü” Heydər Əliyevin 1970-1980-cı illərdəki Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Bu dövrdə ümummilli liderin rəhbərliyi altında milli kadrların yetişdirilməsinə və polis orqanlarının təşkilati cəhətdən möhkəmlənməsinə böyük önəm verilir.
Çıxış zamanı Azərbaycan polisinin çətin sınaqlarla rastlaşdığı dövrlərdən biri kimi 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyinin bərpa olunduğu vaxtlara da toxunularaq yaranmış böhranlı vəziyyət haqqında geniş izahlar verildi. Qeyd edildi ki, həmin dövrdə Azərbaycanda yaranmış bu acınacaqlı vəziyyətdən yalnız xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev xilas edə bilərdi. Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanla cinayətkarlığa qarşı mübarizə işinin konseptual əsasları yaradıldı. Ölkədə sabitlik bərqərar edildi və cinayətkarlığın artan dinamikasının qarşısı alındı. Xüsusilə mütəşəkkil cinayətkar qruplaşmalara qarşı kəsərli tədbirlər həyata keçirilməyə başlandı.
 Daxili İşlər nazirliyinin rəhbərliyində böyük dəyişikliklər aparılaraq peşəkar və səriştəli kadrlar irəli çəkilməyə başlandı. Aparılan məqsədyönlü islahatların məntiqi nəticəsi olaraq ölkədə cinayətkarlığa qarşı mübarizə işində əsaslı dönüş yarandı, kriminogen duruma olan nəzarət təmin edildi.
 Polis Akademiyasının rəisi, polis general-mayoru N.Əliyev çıxışının sonunda vurğulayıb ki, cinayətkarlığa qarşı mübarizə sahəsində uğurlu fəaliyyət bu gün də H.Əliyev irsinin layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Biz akademiyanın professor, müəllim və kursant heyəti ölkə başçısının diqqət və qayğısını daim hiss edirik və bu gün Daxili İşlər Naziri general polkovnik cənab Ramil Usubovun rəhbərliyi və şəxsi nəzarəti altında təhsil müəssisəmizdə aparılan quruculuq işləri, müasir maddi-texniki təminat məhz ali baş komandanın Azərbaycan polisinə, o cümlədən təhsilə verdiyi qiymətin təzahürüdür.
Daha sonra iştirakçıları Dövlət Təhlükəsizliyi Xidmətinin H.Əliyev adına Akademiyasının rəisi, general-leytenant Əli Şəfiyev və Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov salamlayaraq polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdilər və konfransın işinə uğurlar arzu ediblər.
Konfransda “Azərbaycanda polis təhsilinin yaranması, inkişafı və perspektivləri” adlı mövzu ilə çıxış edən Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki, h.e.d., professor, əməkdar müəllim Mahir Əhmədov qeyd edib ki, polisin uğurlu fəaliyyətinin təməli düzgün təşkil edilmiş polis təhsil sistemindən də asılıdır. Polisin fəaliyyətinin elmi əsaslar üzərində qurulmasında və peşəkarlığının artırılmasında Polis Akademiyasının rolu böyükdür. Akademiyada peşəkar hüquqşünas hazırlığının əsasını professor-müəllim heyətinin fədakar əməyi təşkil edir. O vurğulayıb ki, Polis Akademiyasında mövcud olan geniş maddi-texniki və tədris bazası yüksək zəkaya və peşəkarlığa malik polis kadrlarının yetişdirilməsi imkan verir.
Digər çıxışçılar h.e.n., dosent Svetlana Tixonova, h.ü.f.d. İldırım Axundov, h.ü.f.d Yeganə Balakişiyeva , h.e.n. İrina Yefremova, Seymur Şeydayev, h.ü.f.d., dosent Əlövsət Allahverdiyev, Nicat Nağıyev konfrans iştirakçılarına polisin fəaliyyəti, həmçinin cinayətkarlığa qarşı mübarizənin müxtəlif istiqamətləri haqqında təfsilatlı təqdimat ediblər.
Maraqlı çıxışlar və diskussiyalarla yadda qalan beynəlxalq-elmi-praktik konfransın sonunda rusiyada keçirilən yazı müsabiqəsində fərqlənən kursantlara setifikatları N.İ.Lobaçevski adına Nijniy Novqorod Dövlət Universitetinin nümayəndəsi h.e.n., dosent Svetlana Tixonova təqdim edib.





Çap et  Çap et