Polis akademiyası

xəbərlər

Polis Akademiyasında yeni tədris ili başlandı

15.09.2010


Yeni tədris ilinin başlanması ilə əlaqədar DİN-in Polis Akademiyasında bir sıra təşkilati tədbirlər, təmir və abadlaşdırma işləri həyata keçirilmişdir. Sinif otaqları və mühazirə zalları, eləcə də müdavim yeməkxanası və yataqxanaları təmir olunaraq lazımi avadanlıqlarla, ümumi kitabxana isə yeni ədəbiyyatla təchiz olunmuş, akademiyanın ərazisində təmizlik, abadlıq və yaşıllaşdırma işləri aparılmış, əlbəyaxa döyüş, mini-futbol, voleybol və gimnastika meydançaları inşa olunub təhvil verilmişdir.

13.09.2010-cu il tarixdə keçirilmiş Elmi Şurada keçən tədris ilinin yekunları və 2010/2011-ci tədris ili üçün qarşıya qoyulmuş vəzifələr müzakirə edilmişdir. Şuranı giriş sözü ilə akademiyanın rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev açmış, yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyəti təbrik edərək DİN-in rəhbərliyi tərəfindən tədris prosesinin yaxşılaşdırılması ilə bağlı tələblərini iştirakçılara çatdırmış, onlara xidmətlərində uğurlar arzulamışdır. Akademiya rəisinin müavini, polis polkovniki Mahir Əhmədov ötən tədris ilinin yekunu, mövcud çatışmazlıqlar və onların aradan qaldırılması yollarına dair ətraflı mühazirə ilə çıxış etmişdir. Müzakirələrdə iştirak edən fakültə, kafedra, şöbə və xidmət rəisləri yeni tədris ilində qarşıda duran vəzifələrin layiqincə yerinə yetirəcəyini, akademiyanın dəyişkən heyəti ilə aparılan dərslərin keyfiyyətinin artırılacağını qeyd edərək həyata keçirilən tədbirlər barədə məlumatlar vermişlər. Bundan əlavə tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflər və rəylər səsləndirildi. Sonda akademiya rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev layiqli polis zabiti kimi yetişdirmək məqsədilə müdavimlərlə aparılan işin daha da səmərəli olması üçün yeni metodlardan geniş istifadə etməyi və elmi-tədqiqat işlərinin fəallaşdırılmasını qeyd etmişdir.

15.09.2009-cu il tarixdə Polis Akademiyasında yeni tədris ilinin açılışı və «Bilik günü» qeyd edildi. Saat 08.30-da bütün şəxsi heyət əsas sıra meydanında düzülmüşdür. Akademiya rəisinin müavini, polis polkovniki Qabil Zamanov şəxsi heyətin təntənəli mərasimin keçirilməsinə hazır olması barədə akademiyanın rəisi, polis general-mayoru cənab Ramiz Nağıyev məruzə etmişdir. Cənab R.Nağıyev zabit-müdavim heyətini yeni tədris ilinin başlanması ilə təbrik edərək onlara uğurlar arzulamış, daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun diqqət və qayğısı nəticəsində müdavimlər üçün hərtərəfli şəraitin yaradılmasını vurğulayaraq onlardan tədris və intizam məsələlərinə məsuliyyətlə yanaşmalarını, savadlı polis zabiti kimi yetişmək üçün əllərindən gələnləri etməyi tövsiyə etmişdir. 

Çıxışdan sonra 2009/2010-cu tədris ilinin ikinci semestrinin nəticələrinə görə imtahanlardan «əla» qiymətlər alaraq təhsildə yüksək nailiyyətlər əldə etmiş bir qrup müdavim qiymətli hədiyyələrlə mükafatlandırılmış, eləcə də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə fərqlənən taqım komandirlərinə təşəkkür elan olunmuşdur. 

Tədbir Dövlət Bayrağının qaldırılması və Dövlət Himninin ifası ilə davam etmiş, yekunda «Polis Akademiyasının marşı»nın sədaları altında şəxsi heyət təntənəli marşla tribunanın qarşısından keçərək siniflərə yollanmışdır.
    





Çap et  Çap et