Polis akademiyası

xəbərlər

DİN-in Polis Akademiyasında 20 Yanvar faciəsinin 21-ci ildönümü anıldı

19.01.2011

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Xalqımız bu il həmin gecənin 21-ci ildönümünü anır.
 «20 Yanvar» fajiəsinin 21-ci ildönümü ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər həyata keçirilmişdir. Klubda, ümumi kitabxanada və kursların yataqxanalarında «20 Yanvar» faciəsini əks etdirən fotostendlər quraşdırılmış, divar qəzetlərində məqalələr dərc olunmuş, müdavim heyəti ilə «Qanlı Yanvar» mövzusunda yığıncaqlar keçirilərək həmin hadisələr barədə sənədli filmlər nümayiş etdirilmişdir. Akademiyanın müdavim heyətinin «Şəhidlər xiyabanı»na ziyarəti təşkil  edilərək şəhidlərin məzarları üzərinə tər çiçəklər qoyulmuşdur.
«20 Yanvar» faciəsinin 21-ci ildönümü ilə əlaqədar Polis Akademiyasında 15.01.2011-ci il tarixdə Bakı şəhər 20 Yanvar Şəhidləri Jəmiyyətinin sədri Sultan Əzimzadənin və sədr müavini Sahib Əlizadənin, 17.12.2010-cu il tarixdə isə Xocalı soyqırımı tanıtma mərkəzinin sədri Şamil Sabiroğlunun və AzTV-nin «Səhər» proqramının çəkiliş qrupunun rəhbəri Seyidağa Mövsümlünün iştirakları ilə tədbirlər keçirilmişdir.
Tədbirlərdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyularaq xatirə fotoşəkli çəkilmişdir. 15.01.2011-ci il tarixdə keçirilən tədbiri giriş sözü ilə Polis Akademiyası rəisinin, polis polkovniki cənab Qabil Zamanov açmış, 20 Yanvar şəhidlərinin, ümummilli liderimiz Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək qanlı Yanvar hadisələri barədə iştirakçılara qısa məlumat vermiş, 1990-cı ilin yanvarında ulu öndər Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyindən həmin hadisələrə verdiyi ilk siyasi qiyməti xatırlatmış və qonaqları şəxsi heyətə təqdim etmişdir. Çıxış edən qonaqlar 20 Yanvar faciəsi zamanı Sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər və zorakılıqlar barədə akademiyanın şəxsi heyəti ilə ətraflı söhbət aparmış, verilən sualları cavablandırmışlar. Tədbir sənədli filmin nümayişi ilə yekunlaşmışdır.
17.01.2011-ci il tarixdə keçirilən tədbiri akademiya rəisinin köməkçisi, polis polkovnik-leytenantı Nizami Hüseynov açaraq 20 Yanvar faciəsi barədə şəxsi heyətə məlumat vermiş, gələn qonaqları şəxsi heyətə təqdim etmişdir.
Öz çıxışlarında Şamil Sabiroğlu və Seyidağa Mövsümlü 20 Yanvar faciəsi zamanı mərdliklə şəhid olan oğul və qızların igidliklərindən və həmin faciənin səbəbkarları barədə söhbətlər açmış, müdavimlərin suallarını ətraflı cavablandırmışlar. Tədbirin sonunda 20 Yanvar faciəsi və Xocalı soyqırımı barəsində sənədli film nümayiş etdirilmişdir.
Tədbirlər şəxsi heyət tərəfindən böyük maraqla qarşılanmışdır.

        





Çap et  Çap et