Kursant Elmi Cəmiyyəti


Daxili İşlər Nazirliyinin Polis Akademiyasının
 2021-ci il “17” noyabr tarixli Ə172-034-21 nömrəli  əmri ilə  təsdiq edilmişdir
                                                                                                                 

DAXİLİ İŞLƏR NAZİRLİYİ POLİS AKADEMİYASININ
KURSANT ELMİ CƏMİYYƏTİ HAQQINDA
ƏSASNAMƏSİ

                                               I. Ümumi müddəalar.

1. Əsas anlayışlar
1.1. Kursant Elmi Cəmiyyəti (bundan sonra KEC) – AR DİN-in Polis Akademiyasında daimi fəaliyyət göstərən elmi-tədqiqat fəaliyyəti ilə fəal məşğul olan AR DİN-in Polis Akademiyasının (bundan sonra Akademiya) kursantlarının könüllü birliyidir.
1.2. Rəhbər - Akademiya rəisinin müvafiq əmri əsasında professor-müəllim heyətindən təyin edilən və KEC-in fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən şəxsdir.
1.3. Kurator – kafedranın nəzdində fəaliyyət göstərən elmi dərnəyin fəaliyyətini təşkil edən və həyata keçirilməsini təmin edən kafedra əməkdaşıdır.  
1.4. Kursant Elmi Cəmiyyətinin üzvü – kafedraların nəzdində fəaliyyət göstərən dərnəyin üzvü olan və Akademiyada əyani təhsil alan kursantdır.

2. KEC-in fəaliyyətinin əsasları
2.1. KEC Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinə (bundan sonra ETRN)  tabedir və ona hər tədris ilinin sonunda hesabat verir.
2.2. KEC  öz fəaliyyətində elm və  təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu,  “Polis haqqında”  Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsil alanların elmi-tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni,  Polis Akademiyasının Nizamnaməsini, Daxili İşlər orqanları əməkdaşlarının etik-davranış Kodeksini və bu Əsasnaməni rəhbər tutur.
2.3. KEC-in üzvlərinin fəaliyyəti kafedralar üzrə professor-müəllim heyətinin tərkibindən seçilmiş elmi rəhbərin rəhbərliyi ilə həyata keçirilir.
2.4. KEC-in fəaliyyətinə kursantların elmi rəhbəri və ya məsləhətçisi vəzifəsini yerinə yetirən təhsilverənlər və elmi işçilər cəlb edilir.

3. KEC-in məqsədi və vəzifələri
3.1. KEC-in məqsədi – ali təhsilə olan müasir tələblərə müvafiq olaraq kursantların hazırlıq səviyyəsinin yüksəldilməsinə, elmi-tədqiqat işi formasında kursantların yaradıcılıq potensialının səmərəli şəkildə inkişafına zəruri köməkliyin göstərilməsidir.
3.2. KEC-in vəzifələri aşağıdakılardır:
3.2.1. kursantların elmi tədqiqat  fəaliyyətinə cəlb edilməsi və bu  fəaliyyətin təşkil olunması;
3.2.2. elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin  formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
3.2.3.kursantların tədqiqatçılıq fəaliyyətinə və elmi metodların            öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
3.2.4. tədqiqatçılıq fəaliyyətinin köməyi ilə kursantlarda seçilən peşəyə yaradıcı  şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
3.2.5.kursantlara elmi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
3.2.6. istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işə cəlb edilməsi;
3.2.7.elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
3.2.8. digər ali təhsil müəssisələrinin Tələbə Elmi Cəmiyyətləri ilə əməkdaşlığın həyata keçirilməsi, kursantların elmi-tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tətbiq edilməsi;
3.2.9. müxtəlif səviyyəli tədbirlərin -  elmi  seminar və konfranslar, tələbə elmi işlərinə baxış müsabiqələri, müxtəlif fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində kursantların iştirakının təmin edilməsi;
3.2.10. kursantların elmi-tədqiqat işlərinin nəşrə hazırlanması;
3.2.11. Akademiyadaxili və  akademiyadankənar elmi  tədbirlər haqqında məlumatların toplanılması, yayılması və Akademiyanın internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi.

II. KEC-in işinin təşkili və idarə olunması
4. KEC-in  işinin təşkili
4.1. KEC-in fəaliyyəti akademiyanın illik tədbirlər planı və özünün iş planı əsasında həyata keçirilir;
4.2.  Tədris proqramlarına və elmi tədqiqat işlərinə qoyulan tələblərə cavab verən kursantların elmi-tədqiqat işləri (məqalə, məruzə, tezis) müxtəlif müsabiqələrə və konfranslara təqdim oluna bilər.
4.3. KEC-in üzvlərinin elmi fəaliyyətinin həyata keçirilməsinə elmi rəhbər və ya elmi məsləhətçisi olan Akademiyanın professor-müəllim heyəti və elmi işçilər cəlb edilir;
4.4. KEC-in fəaliyyətinin nəticələri hər tədris ilinin sonunda KEC-in Ümumi Yığıncağında təhlil olunur və ETRN şöbəsinə arayış formasında təqdim edilir.
4.5. KEC:
4.5.1.  ETRN şöbəsinin rəisindən Akademiyada və digər təşkilatlarda keçiriləcək elmi tədbirlər haqqında  məlumat, elmi tədbirlərin keçirilməsi və kargüzarlığın aparılmasına dair metodiki göstəriş və təlimatlar alır;
4.5.2. Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsindən KEC-in elmi işlər və tədbirlərinin illik tematik planını, habelə keçirilmiş tədbirlərin nəticələri haqqında hesabatı təqdim edir;
4.5.3.  Kafedra və Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsindən KEC-in elmi tədqiqat proqramlarında, elmi-tədqiqat işlərinin planının formalaşdırılmasında iştirakına dair təkliflər verir;
4.5.4. elmi-tədqiqat işlərində iştirak edən kursantlar Akademiyada fəaliyyət göstərən kafedraların fənn kabinetlərinin və laboratoriyalarının avadanlıqlarından istifadə edir.

5. KEC-in təşkilati strukturu:
5.1. KEC-in təşkilati strukturu aşağıdakı kimi təşkil olunur:
5.1.1. KEC-in rəhbəri;
5.1.2. KEC-in Ümumi Yığıncağı;
5.1.3. KEC-in İdarə Heyəti;
5.1.3.1. sədr;
5.1.3.2. KEC-in iki sədr müavini;
5.1.3.3. KEC-in katibi;
5.1.4. Kafedraların nəzdində fəaliyyət göstərən dərnəklər.

6. KEC-in rəhbəri
6.1. KEC-in fəaliyyətinə rəhbərliyi - müəllim-professor heyətindən seçilmiş və ETRN şöbəsinin rəisinin təqdimatı əsasında Akademiya rəisinin əmri ilə təyin edilən şəxs tərəfindən həyata keçirilir.
6.2. KEC-in üzvlərinin elmi-tədqiqat fəaliyyətini təşkil edir, onların elmi tədqiqat metodikasına yiyələnməsinə köməklik edir;
6.3. KEC-in rəhbəri kafedraların nəzdində yaradılmış dərnəklərin fəaliyyətini əlaqələndirir və  nəzarəti həyata keçirir;
6.4. KEC-in rəhbəri KEC-in Ümumi Yığıncağına sədrlik edir, Ümumi Yığıncağın iclaslarını keçirir və gündəlikdə duran məsələlərin dairəsini müəyyənləşdirib müzakirəyə çıxarır.
6.5. KEC-in rəhbəri Ümumi Yığncağın qərarlarının yerinə yetirilməsini təşkil edir və onlara nəzarəti həyata keçirir.
6.6. KEC-in rəhbəri tədris ilinin yekunlarına görə elmi-tədqiqat işində yüksək nəticələr əldə etmiş KEC-in üzvlərinin həvəsləndirilməsi barədə ETRN şöbəsinin rəisi qarşısında vəsatət qaldırır.

7. KEC-in Ümumi Yığıncağı
7.1. KEC-in Ümumi Yığıncağı  hər tədris ilinin əvvəlində bir dəfə olmaqla KEC-in rəhbərinin təşəbbüsü ilə çağırılır.
7.2. KEC-in Ümumi Yığıncağına sədrliyi bilavasitə KEC-in rəhbəri həyata keçirir.
7.3. KEC-in Ümumi Yığıncağına kafedraların nəzdində fəaliyyət göstərən elmi dərnəklərin üzvləri olan kursantlar, kuratorlar və ETRN şöbəsinin rəisi və əməkdaşları daxildir.
7.4. KEC-in Ümumi Yığıncağında aşağıdakı məsələlər həll edilir:
7.4.1. KEC- İdarə Heyətinin üzvlərinin gizli və ya açıq səsvermə əsasında seçilməsi;
7.4.2. KEC-in İdarə Heyətinin sədrinin, iki müavininin gizli və ya açıq səsvermə əsasında seçilməsi;
7.4.3. İntizam Şurasının üzvlərinin və sədrinin seçilməsi;
7.4.4. kafedraların nəzdində fəaliyyət göstərən elmi dərnəklərin fəaliyyətinin təqdim olunan  hesabatlar əsasında qiymətləndirilməsi;
7.4.5. KEC-in müvafiq tədris ilində göstərdiyi fəaliyyətin qiymətləndirilməsi;
7.4.6. KEC-in illik tədbirlər planının təsdiq olunması.


8. KEC-in İdarə Heyəti
8.1. KEC-in İdarə Heyəti KEC-in idarə olunmasını həyata keçirən və Ümumi Yığıncağın qərarların icrasını təmin edən kollegial orqandır.
8.2. KEC-in İdarə heyəti 9 nəfərdən ibarət olmaqla 1 illik müddətinə seçilir, sədrdən, iki sədr müavinindən və üzvlərdən ibarətdir.  
8.3. KEC-in idarə heyəti kursantların elmi-tədqiqat işinin təşkili ilə əlaqədar Polis Akademiyasının qarşısında duran məsələlərin yerinə yetirilməsini təşkil edir, səlahiyyətləri çərçivəsində bütün işlərin gedişinə nəzarəti həyata keçirir, KEC-in işini planlaşdırır və əlaqələndirir.
8.4. İdarə Heyətinin üzvləri Akademiyanın kafedralarının nəzdində fəaliyyət göstərən elmi dərnəklərin üzvləri sırasından seçilir.
8.5. KEC-in  İdarə heyətinin iclasları ayda bir dəfə KEC-in iş planına uyğun olaraq çağırılır. KEC-in ümumi yığıncağı KEC-in üzvlərinin tam tərkibdə iştirak etdiyi halda səlahiyyətli hesab edilir.
8.6. KEC-in İdarə heyətinin iclasları onun üzvlərinin 50 faizinin qərarı əsasında növbədənkənar iclası keçirilə bilər.
8.7. KEC-in İdarə heyətinin iclasları qərarları açıq səsvermə yolu ilə iştirakçıların səs çoxluğu ilə qəbul edilir.
8.8. KEC-in fəaliyyəti Polis Akademiyasının illik tədbirlər planı, kafedraların nəzdində fəaliyyət göstərən elmi dərnəklərin illik tədbirlər planı və özünün iş planı əsasında həyata keçirilir.
8.9. Hər tədris ilinin sonunda KEC-in Ümumi Yığıncağında KEC-in fəaliyyətinin nəticələri və görülmüş işlər təhlillər aparmaqla hesabatlar hazırlanılır.
8.10. KEC-in iş planına uyğun olaraq dərsdənkənar vaxtda yerinə yetirilən kursantların elmi tədqiqat işləri (məqalə, məruzə, tezis) İdarə Heyətinin iclaslarında müzakirə edilib təsdiq olunduqdan sonra müxtəlif müsabiqələrə və konfranslara təqdim oluna bilər.

9. KEC-in İdarə Heyətinin sədri
9.1. KEC-in İdarə Heyətinin sədri KEC-in Ümumi Yığıncağında açıq və ya gizli səsvermə ilə seçilən və KEC-in İdarə Heyətinə rəhbərliyini həyata keçirən kursantdır.
9.2.  KEC-in İdarə Heyətinin sədri KEC-in Ümumi Yığıncağında hər tədris ilinin sonunda KEC-in fəaliyyəti haqqında hesabatla çıxış edir.
9.3. KEC-in İdarə Heyəti sədrinin aşağıdakı vəzifələri var:
9.3.1. KEC-in fəaliyyətinin təşkil edir;
9.3.2. KEC-in Ümumi Yığncağının qərarlarının yerinə yetirilməsini təmin edir;
9.3.3. KEC-in fəaliyyətinə dair hesabat hazırlayır;
9.3.4. elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsini təmin edir;
9.4. KEC-in İdarə Heyəti sədrinin aşağıdakı hüquqları var:
9.4.1. KEC-in İdarə Heyətinin iclaslarını keçirmək və gündəlikdə duran məsələlərin dairəsini müəyyənləşdirib müzakirəyə çıxarmaq;
9.4.2. KEC-in fəaliyyəti ilə əlaqədar verilən müvafiq tapşıqırları və göstərişləri vaxtlı-vaxtında icra etmək;
9.4.3. KEC-in İdarə Heyətinin üzvləri arasında vəzifələri bölüşdürmək;
9.4.5. qarşıya qoyulan məqsədə çatmaq və yaranmış problemlərin aradan qaldırılması üçün digər tədbirləri həyata keçirmək.
9.6. KEC-in qarşısında duran məsələlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinə görə KEC-in sədri məsuliyyət daşıyır.

10. KEC-in İdarə Heyətinin sədr müavini və katibi
10.1. KEC-in İdarə Heyətinin sədr müavinləri və katibi hər tədris ilinin əvvəlində KEC-in Ümumi Yığıncağında keçirilən gizli və ya açıq səsvermə əsasında səs çoxluğu ilə seçilir və birbaşa KEC-in sədrinə tabedir və onun qarşısında hesabat verir.
10.2. KEC-in İdarə Heyətinin sədr müavinlərinin  hüquq və vəzifələri:
10.2.1. KEC-in müvafiq istiqamətdə fəaliyyətinə rəhbərliyi həyata keçirmək;
10.2.2. KEC-in sədr müavini vəzifəsindən çıxmaq;
 10.2.3. KEC-in İdarə Heyətinin sədri qarşısında hesabat vermək;
10.2.4. KEC-in İdarə Heyətinin sədrinin göstərişlərini və ümumi yığıncağın qərarlarını vaxtlı-vaxtında icra etmək və ya icrasına nəzarət etmək;
10.2.5. müvafiq tədbirlərin təşkilində iştirak etmək;
10.3. KEC-in İdarə Heyətinin katibinin hüquq və vəzifələri:
10.4.1. KEC-in İdarə Heyətinin iclaslarının keçirilməsini təşkil və təmin etmək;
10.4.2. KEC-in İdarə Heyətinin qərarlarının icrasına nəzarət etmək;
10.4.3. KEC-in fəaliyyətinə dair təklifləri KEC-in Ümumi Yığıncağının müzakirəsinə çıxarmaq;
10.4.4. kafedraların nəzdində fəaliyyət göstərən dərnəklərin fəaliyyətinə dair hesabatları tələb etmək;
10.4.4. KEC-in ümumi yığıncağının bütün keçirilən iclaslarının protokolunu, qərarlarını  və digər aktları tərtib etmək və saxlamaq;
10.5.5. KEC-in sədrinin tələbinə əsasən bütün iclas protokollarını, qərarlarını təqdim etmək.

11. Elmi dərnəklər
11.1. Kafedraların nəzdində fəaliyyət göstərən kursant elmi dərnəyi – kafedranın fəaliyyət istiqamətləri üzrə kursantların elmi yaradıcılığa marağının, müxtəlif hüquq sahələri üzrə elmi problemlərin müstəqil həll edilməsi metodikasının və üsulların öyrənilməsinin formalaşdırılması məqsədilə Polis Akademiyasının kafedralarının nəzdində yaradılan kursantlarının elmi yığıncağıdır.
11.2. Elmi dərnək öz fəaliyyətini kafedra iclasında müzakirə olunaraq bəyənilmiş və Akademiya rəisinin birinci müavini tərəfindən təsdiq olunan əsasnamə əsasında həyata keçirir. Elmi dərnəyin əsasnaməsi KEC-in əsasnaməsinə zidd olmamalıdır.
11.3. Elmi dərnək 15 nəfərədək üzvlərdən ibarət ola bilər. Üzvlərin sırasından elmi dərnəyin sədri, sədr müavini seçilir.
11.4. Elmi dərnəyin üzvləri Polis Akademiyasında təhsil alan, qüvvədə intizam tənbehi olmayan, məsuliyyətli, intizamlı kursantlar sırasından seçilir və kafedra iclasında müzakirə edilərək təsdiq olunur. Elmi dərnəyin üzvlərin seçilməsinə dair kafedra iclasının protokolundan çıxarış KEC-in rəhbərinə təqdim olunur. Kursantın iki və daha çox elmi dərnəyin üzvü olmasına yol verilmir.
11.4. Kafedralarının nəzdində fəaliyyət göstərən elmi dərnəyin fəaliyyətinin təşkili və ona nəzarət kafedranın əməkdaşı olan kurator vasitəsilə həyata keçirilir. Kurator elmi dərnəyin fəaliyyətinə, dərnəyin illik tədbirlər planının icrası ilə bağlı hesabatla KEC-in Ümumi yığıncağında çıxış edir.
11.5. Kafedralarının nəzdində fəaliyyət göstərən elmi dərnəyin illik tədbirlər planı KEC-in rəhbəri ilə razılaşdırmaqla kafedra iclasında təsdiq olunur və 1 nüsxəsi ETRN şöbəsinə, digər nüsxəsi isə KEC-in İdarə Heyətinin katibinə təqdim olunur.
11.6. Kafedralar üzrə aşağıda göstərilən elmi dərnəklər fəaliyyət göstərir:
11.6.1. Dövlət və hüquq nəzəriyyəsi kafedrası üzrə - “Gənc hüquqşünas” elmi dərnəyi;
11.6.2. Cinayət prosesi kafedrası üzrə - “Gənc müstəntiq” elmi dərnəyi;
11.6.3. Kriminalistika kafedrası üzrə -  “Gənc inspektor-kriminalist” elmi dərnəyi;
11.6.4. DİO-da ƏAF kafedrası üzrə - “Gənc əməliyyat müvəkkili” elmi dərnəyi;
11.6.5. DİO-nun inzibati fəaliyyəti kafedrası üzrə - “Gənc polis sahə inspektoru” elmi dərnəyi;
11.6.6. Cinayət hüququ kafedrası üzrə - “Cinayət hüququ” elmi dərnəyi;
11.6.7. Mülki hüquq kafedrası üzrə - “Femida” elmi dərnəyi;
11.6.8. İctimai elmlər kafedrası üzrə - “Vətənpərvər kursant” elmi dərnəyi;
11.7. Kurator elmi dərnəyin fəaliyyətinə, dərnəyin illik tədbirlər planının və KEC-in Ümumi Yığıncağının qərarlarının icrasına görə məsuliyyət daşıyır.

12. KEC-in üzvlərinin hüquq və vəzifələri
12.1. KEC-in üzvlərinin hüquqları aşağıdakılardır:
12.1.1.  KEC-in fəaliyyətinə dair informasiya əldə etmək;
12.1.2. KEC-in İdarə Heyətininin üzvlərini seçmək və  İdarə Heyətinin üzvlüyünə seçilmək;
12.1.3. yerli və beynəlxalq qrant proqramlarında iştirak etmək;
10.1.4. KEC-ə üzvlüyünü öz xahişi ilə dayandırmaq:
12.1.5. KEC-in və onun struktur bölmələrinin fəaliyyətinə dair rəy və təkliflərini bildirmək.
12.2.  KEC-in üzvlərinin vəzifələri aşağıdakılardır:
12.2.1. təhsil aldığı Polis Akademiyasının Nizamnaməsinin və daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini tənzim edən qanunvericiliyin tələblərinə riayət etmək;
12.2.2. elmi tədqiqat işinin aparılmasında və tədqiqat metodlarının öyrənilməsində fəallıq göstərmək;
12.2.3. KEC-in fəaliyyətində və keçirdiyi tədbirlərdə fəal şəkildə iştirak etmək:
12.2.4. KEC-in orqanları tərəfindən qəbul olunan qərarları vaxtlı-vaxtında yerinə yetirmək;
12.2.5. təhsil aldığı Polis Akademiyasının nüfuzunu yüksəltmək.

KEC-in üzvlüyünün xaric edilməsinin əsasları
13.1. KEC-in üzvü aşağıda göstərilən əsaslarla xaric edilə bilər;
13.1.1. öz ərizəsinə əsasən;
13.1.2. semestr imtahanlarında “qeyri-kafi” qiymətlər  aldıqda;
13.1.3. Akademiyanın daxili-intizam qaydalarını, daxili işlər orqanlarının etik davranış Kodeksinin tələblərini pozduqda və Akademiya rəisinin əmri ilə ona intizam tənbehi verildikdə;
13.1.4. KEC-in keçirilən planlı və plandan kənar tədbirlərində üç dəfə üzrsüz səbəbdən iştirak etmədikdə;
13.1.5.  KEC-in üzvü üzərinə düşən vəzifələri yerinə yetirmədikdə və yaxud lazımı şəkildə yerinə yetirmədikdə;
13.1.6. Öz şəxsi məqsədlərinə çatmaqdan ötrü  KEC-in adından sui-istifadə etdikdə:
13.1.7. Akademiyanın məzunu olduqda;
13.1.8. Akademiyadan xaric edildikdə.
 
III. Keçid müddəalar
14. KEC-in kargüzarlığı
14.1. KEC-in kargüzarlıq fəaliyyətinə onun işinin məzmununa uyğun olan sənədləşmələrin aparılması daxildir;
14.2.  Bu sənədlər aşağıdakılar ola bilər;
14.2.1. müvafiq normativ hüquqi aktlar, Azərbaycan Respublikası Təhsil  Nazirliyinin və Polis Akademiyası rəisinin kursantların elmi işinə dair əmr və  göstərişləri;
14.2.2. Polis Akademiyasının KEC-in Əsasnaməsi;
14.2.3. KEC-in illik iş planı və hesabatı;
14.2.4. KEC-in iclaslarının protokolları;
14.2.5. Elmi dərnəklərin illik tədbirlər planı;
14.3. KEC-in kargüzarlıq sənədləri 5 il müddətində saxlanılır.



Geriyə | Çap versiyası