Şəxsi heyətlə iş üzrə şöbəsi

Polis Akademiyasında şəxsi heyətlə işin təşkili daim diqqət mərkəzində saxlanılır. Bu vəzifəni Polis Akademiyası rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi və şəxsi heyətlə iş üzrə köməkçisi icra etmişdir.
Polis Akademiyası rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi Akademiya rəisinin bilavasitə rəhbərliyi altında daimi və dəyişkən heyətin arasında aparılan mənəvi-tərbiyə işinin keyfiyyətinə, nizam-intizamın və ictimai qurumların fəaliyyətinin vəziyyətinə, əməkdaşların və kursantların sosial və digər hüquqlarının təmin olunmasına da cavabdeh olmuşdur. Akademiya rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi isə bilavasitə Akademiya rəsinin şəxsi heyətlə iş üzrə böyük köməkçisinə tabe olmuş, rəhbərliyin göstərişlərinin həyata keçirilməsinə, günün nizam, daxili xidmət, sıra, geyim forması, yanğın təhlükəsizliyi, sanitariya və digər qaydalara riayət edilməsinə cavabdeh olmuşdur.



Polis Akademiyasında aparılan struktur islahatları zamanı şəxsi heyətin mənəvi-psixoloji durumunun daim diqqət mərkəzində saxlanılması və daha mükəmməl iş mexanizminin qurulması zərurətini nəzərə alınaraq, DİN-in “Təşkilati-ştat məsələlərinə dair” 2020-ci il 3 dekabr tarixli Ə958-001-20 nömrəli əmrinə əsasən Şəxsi heyətlə iş üzrə Akademiya rəisinin böyük köməkçisi və köməkçisi vəzifələri ləğv olunmaqla, Şəxsi heyətlə iş üzrə şöbə yaradılmışdır. Hazırda şöbədə 1 baş inspektor, 3 inspektor, 1 psixoloq və 1 kiçik inspektor olmaqla 6 əməkdaş xidmət edir.

Polis Akademiyasında Şəxsi heyətlə iş üzrə şöbənin funksional vəzifələri aşağıdakılardan ibarətdir:
- Şəxsi heyətlə iş sahəsində fəaliyyətin təhlilini və planlaşdırılmasını, ayrı-ayrı sahələr üzrə hesabat və məlumatların hazırlanmasını həyata keçirir, tərbiyə işinin yaxşılaşdırılması üçün təkliflər verir, informasiya-analitik işin keyfiyyətinin və cəmiyyətdə polisin sosial rolunun artırılması, insan hüquq və azadlıqlarının qorunması kimi mühüm məqamların nəzərə alınmasını təmin edir;
- Xüsusi istedadı olan əməkdaşların və kursantların seçilməsini, aidiyyəti xidmətlərlə birgə onların müvafiq dərnəklərdə məşğul olmaları üçün zəruri təşkilati işləri həyata keçirir;
- Müxtəlif bayram və əlamətdar günlərin, mədəni-kütləvi, eləcə də rəhbərliyin göstərişinə əsasən buraxılış, idman-sağlamlıq və digər tədbirlərin keçirilməsini təşkil edir, bu tədbirlərdə şəxsi heyətin fəal iştirakını təmin edir;
- Şəxsi heyətin mənəvi-psixoloji durumunun saflaşdırılması, əməkdaşların siyasi partiyaların təsiri altına düşməsi, sahibkarlıq və digər qadağan olunmuş fəaliyyətlə məşğul olmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin hazırlanıb həyata keçirilməsini təşkil edir, belə hallar aşkar edildikdə lazımi ölçülərin götürülməsi üçün rəhbərliyə məruzə edir;
- İntizam təcrübəsinin uçotunun və təhlilinin aparılmasını, müvafiq məlumatların DİN-ə vaxtında təqdim olunmasını təşkil edir, nizam-intizamın səviyyəsi aşağı olan kurslarda, şöbələrdə və s. əlavə tədbirlərin həyata keçirilməsini təklif və təmin edir;
- Rəhbərliyin göstərişinə əsasən şəxsi heyət tərəfindən xidməti, geyim forması, icra intizamı və digər qaydaların pozulması halları üzrə xidməti yoxlamaların aparılmasını həyata keçirir;
- Nizam-intizamın möhkəmləndirilməsi və mənəvi tərbiyə işinin təşkili, şəxsi heyətin sosial və digər hüquqların təmin edilməsi məqsədilə tədris-metodiki, kadrlar, təchizat və maliyyə-plan şöbələri, kurslar, kafedralar, növbətçi və tibbi-sanitariya hissəsi, komendant və digər xidmətlərlə qarşılıqlı işgüzar əlaqələr qurur;
- Kurslar, xidmətlər üzrə tərbiyəvi işin keyfiyyətinin təhlilini apararaq, zəruri hallarda bu sahədə görülən tədbirlərin nəticələrinin rəhbərliyin yanında müzakirəsini təklif edir;
- Şəxsi heyətə etik davranış qaydalarına əməl olunmasının aşılanmasını təşkil edir;
- Rəhbərliyin göstərişinə əsasən sıra baxışlarının təşkilində və keçirilməsində iştirak edir;
- Fərqlənmiş əməkdaşların və kursantların həvəsləndirilməsi barədə təkliflər verir;
- İntizam praktikasının uçotunu və təhlilini aparır, attestasiya komissiyasının işində bilavasitə iştirak edir;
-Əldə olunan nailiyyətlərin kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılmasını təmin edir;
- Əməkdaşların mənzil-məişət şəraitini, sosial problemlərini öyrənir, onlara müvafiq yardım göstərilməsi barədə təşəbbüs qaldırır;
- Kadr məsələlərinin həllində bilavasitə iştirak edir;

Şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu mütəmadi olaraq kursantlarla psixoloji iş aparmaqla, onlar arasında sağlam mənəvi-psixoloji mühitin yaradılmasında xüsusi rol oynayır. Belə ki, kursantlar arasında hər hansı neqativ vərdişlərin vaxtında aşkar olunaraq aradan qaldırılması üçün onlarla geniş profilaktik tədbirlərin həyata keçirilməsi və psixoloji söhbətlərin aparılmasının zəruriliyi nəzərə alınaraq, şöbənin psixoloqu tərəfindən kursantlar fərdi qaydada qəbul edilməklə onlarla həm xidməti otaqda, həm də Akademiyanın Tibb-sanitariya hissəsində nəzərdə tutulmuş psixoloqun xidməti kabinetində psixoloji-konsultativ məşğələlər həyata keçirilir.

Kursantlarla aparılacaq psixoloji tədbirlərin daha effektli olması məqsədilə şöbənin psixoloqu tərəfindən I kurs kursantlarından başlayaraq hər bir kursant üçün “fərdi psixoloji xəritə” hazırlanmışdır. Həmin fərdi psixoloji xəritəyə əsasən kursantların fərdi temperament xüsusiyyətləri, onların xarakterik əlamətləri, kollektivə adaptasiya olunması və digər zəruri psixoloji xüsusiyyətləri öyrənilmiş, bu istiqamətdə psixoloji-terapevtik tədbirlərin davamlı olaraq həyata keçirilməsi təmin olunmaqdadır.
Göründüyü kimi, Polis Akademiyasında Şəxsi heyətlə iş üzrə şöbənin vəzifələri çoxşaxəliliyi, xüsusilə xidmətin düzgün qurulmasına, habelə şəxsi heyət tərəfindən nizam-intizama əməl edilməsinə nəzarət baxımından məsuliyyətliliyi ilə fərqlənir.


Geriyə | Çap versiyası