Siyasət sənədləri
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının
KEYFİYYƏT SİYASƏTİ
KEYFİYYƏT SİYASƏTİ
BAKI-2025
Mündəricat
1. Məqsəd
2. Akademiyanın missiyası, gələcəyə baxışı və dəyərləri
3. Sənədin əhatə dairəsi
4. Akademiyanın keyfiyyət siyasətinin əsas prinsipləri
5. Keyfiyyət təminatı üzrə tədbirlərin həyata keçirilməsi və monitorinqi
Məqsəd
Ali təhsil müəssisəsinin Keyfiyyət siyasəti həmin müəssisənin təlim-tədris, idarəetmə, eləcə də elmi-tədqiqat fəaliyyətinin keyfiyyəti ilə bağlı ümumi məqsədlərini və istiqamətini özündə ehtiva edən rəsmi sənəddir. Bu siyasət müəssisənin keyfiyyət idarəetmə sisteminin əsasını təşkil edir və təhsilverənlər üçün bələdçi rolunu oynayır. Keyfiyyət siyasəti ali təhsil müəssisəsinin vizyonu və missiyası ilə uyğunlaşdırılmaqla bütün əməkdaşlara və maraqlı tərəflərə keyfiyyət məqsədlərinə nail olmaq üçün necə işləmək lazım olduğunu göstərən strateji yol xəritəsidir.
Polis Akademiyasının Keyfiyyət siyasəti sənədi Akademiyanın təlim-tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərində yüksək keyfiyyətin təmin olunması, davamlı inkişafın təşviqi və Daxili İşlər Nazirliyinin ehtiyaclarına cavab verən peşəkar polis kadrlarının hazırlanması məqsədilə hazırlanmışdır. Sənəd hazırlanarkən Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın, 28 avqust 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın prinsipləri, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə “Milli Kvalifikasiyalar Çərçivəsi”, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları”, “Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Standartlar və Təlimatlar (ESG)” əsas götürülmüşdür.
Akademiyanın missiyası, gələcəyə baxışı və dəyərləri
Akademiyanın missiyası; Daxili İşlər Nazirliyi üçün fiziki və mənəvi cəhətdən sağlam və peşəkar kadrlar hazırlamaq.
Gələcəyə baxışımız ( vizyonumuz) - 2030-cu ilə qədər dünyanın polis hazırlığı sahəsində fəaliyyət göstərən ən azı 30 qabaqcıl təhsil müəssisəsi ilə əməkdaşlıq quraraq, beynəlxalq standartlara cavab verən, innovativ, əməkdaşlığa açıq olan xüsusi təyinatlı bir təhsil müəssisəsinə çevrilmək.
Dəyərlərimiz;
1) Qanunçuluq – Polis Akademiyasının bütün fəaliyyətlərini hüquqa və qanunlara uyğun həyata keçirmək.
2) Hüquq mədəniyyəti – Gələcək polis zabitləri olan kursantları qanunlara hörmət ruhunda tərbiyyə etmək.
3) İnsan hüquq və azadlıqlarına hörmət - Hər kəsin şəxsiyyətinə, ləyaqətinə və hüquqlarına hörmətlə yanaşmaq.
4) Vətənpərvərlik – Daima dövlətə və xalqa sadiqlik nümayiş etdirmək.
5) Peşəkarlıq – Müəllimlərin peşəkarlıq səviyyəsinin daima artırılması və tədris prosesinə praktiki əməkdaşların cəlb edilməsini təmin etmək.
6) Etik normalara əməl etmək– Polis Akademiyası əməkdaşları və təhsilalanlar yüksək əxlaqi keyfiyyətlərə sahib olmalı və vəzifələrini vicdanla yerinə yetirməlidirlər.
7) Yüksək fiziki və psixoloji dayanıqlıq – Daima yüksək fiziki və psixoloji dayanıqlığa malik olmaq.
8) Yüksək nizam intizam – Əməkdaş və təhsilalanlar öz xidməti vəzifələrinin icrasında yüksək nizam intizam nümayiş etdirməlidirlər.
9) Qətiyyətlilik – Cinayətkarlığa qarşı mübarizədə və qanunların icrasında tərəddüdsüz və prinsipial davranmaq.
10) Ədalətlilik və bərabərlik – Daimi və dəyişkən heyətə xidməti münasibətdə ayrı-seçkilik etmədən, obyektiv və qərəzsiz yanaşmaq.
11) Keyfiyyətlilik – Təlim tədris prosesinin təlim nəticələrinə və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək.
Keyfiyyət siyasəti sənədinin əhatə dairəsi
Polis Akademiyasının keyfiyyət siyasətinin əhatə dairəsi təlim-tədris və elmi-tədqiqat fəaliyyətinin bütün tərəflərini, polis hazırlığı prosesinin digər iştirakçılarını ( xidmər sektorunu), təhsil proqramlarını, inzibati və sosial fəaliyyətləri, həmçinin Akademiyanın təhsil və elmi tədqiqat infrastrukturunu əhatə edir.
Təlim və tədris prosesi - Polis Akademiyasının keyfiyyət siyasətinin əsas məqsədlərindən biri özündə Akademik və inzibati heyətin peşəkarlıq səviyyəsinin daima artırılması, tədris prosesinə təcrübəli hüquq mühafizə orqanları əməkdaşları, eləcə də mütəxəssislərin cəlb edilməsi və əməkdaşlar üçün səmərəli xidmət şəraitinin yaradılmasını ehtiva edir. Həmçinin təhsilalanların yüksək keyfiyyətli tədris resursları və təlim bazaları ilə təmin edilməsi, Akademiyanın idarəetmə strukturunun günün tələblərinə uyğun daima yenilənməsi, beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi keyfiyyət siyasətimizin tərkib hissəsidir.
Elmi tədqiqat fəaliyyəti - Akademiyanın elm sahəsində fəaliyyəti Daxili İşlər Nazirliyinin fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasına, Akademiyanın profilinə uyğun olaraq elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində, eləcə də xidməti fəaliyyətə tətbiqinə yönəlmişdir. Bu məqsəd çatmaq üçün tədqiqatçıların tədqiqat bacarıqlarının artırılması, onların beynəlxalq elmmetrik bazalara çıxışının əldə edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və xarici ölkələrin anoloji elmi-tədqiqat mərkəzləri ilə birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi əsas prioritet istiqamətlərimizdir.
Maraqlı tərəflər ilə əlaqələr sisteminin qurulması – Missiyamıza uyğun olaraq DİN üçün peşəkar kadrların hazırlanması məqsədilə kollegial orqanların fəaliyyətinə, təhsilalanların əldə etdikləri biliklərin qiymətləndirilməsi prosesinə, eləcə də təhsil proqramlarının günün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsinə DİN-in müvafiq baş idarələrinin peşəkar əməkdaşlarının cəlb olunması keyfiyyət siyasətimizin tərkib hissəsidir.
İnfrastruktur – Təlim- tədris, elmi-tədqiqat infrastrukturunun, təhsilalanlar və daimi heyətin xidməti şəraitinin daima yaxşılaşdırılması Polis Akademiyasının keyfiyyət siyasətinin bir hissəsidir.
Akademiyanın keyfiyyət siyasəti aşağıdakı prinsiplərə əsaslanır.
1. Öz xalqına və dövlətinə sadiq, insan hüquq və azadlıqlarına hörmətlə yanaşan, etik normalara riaət edən, məsuliyyətli, yüksək ixtisaslı və peşəkar polis kadrları hazırlamaq.
2. Akademiyanın idarəetmə sistemini təkmilləşdirmək və tədris prosesini rəqəmsallaşdrmaq.
3. Tədris prosesinin keyfiyyətini daima artırmaq, təhsil proqramlarını əmək bazarının tələblərinə uyğun yeniləmək.
4. Təhsilverənlərin ehtiyac əsaslı təkmilləşdirilməsini həyata keçirmək.
5. Dərslərə təcrübəli mütəxəssisləri dəvət etmək.
6. Kursant və dinləyicilərin, eləcə də təhsilverənlərin keyfiyyət göstəricilərini müəyyənləşdirmək və hesabatlılığını təmin etmək.
7. Elmi tədqiqat fəaliyyətini polisin xidməti fəaliyyətinə uyğunlaşdırmaq.
8. Polis hazırlığı sahəsində mütərəqqi beynəlxalq təcrübəni öyrənmək.
9. Təlim-tədris resurslarını və Akademiyanın maddi-texniki bazasını daima müasirləşdirmək.
10. DİO-nun struktur qurumu və ali təhsil müəssisəsi olaraq sağlam gələcək naminə sosial yönümlü fəaliyyətlər göstərmək
11. Davamlı inkişafa açıq olmaq.
12. DİN-in müvafiq baş idarə əməkdaşlarının təhsilalanların biliyinin qiymətləndirilməsi, eləcə də kollegial orqanların fəaliyyətində iştirakını təmin etmək.
Keyfiyyət təminatı üzrə tədbirlərin həyata keçirilməsi və monitorinqi
Polis Akademiyasənda keyfiyyət təminatı üzrə tədbirlərin həyata keçirilməsi və monitorinqi prosesi keyfiyyətin idarə olunması sistemi (Təhsildə keyfiyyət təminatı və monitorinq bölməsi, Daxili Keyfiyyət Komissiyası, Monitorinq Komissiyası) və PİNT (planlaşdır – icra – nəzarət – tədbir gör) keyfiyyəti idarəetmə modeli vasitəsi ilə həyata keçiriləcəkdir.
Akademiyanın missiyasına və vizyonuna uyğun olaraq hazırlanmış Strateji İnkişaf planının icrasına öz funksional vəzifələrinə uyğun olaraq bütün struktur qurumların cəlb olunması təmin ediləcəkdir. SİP-in icrası üzrə tədbirlər planında nəzərdə tutulmuş fəaliyyətlərin struktur qurumların illik tədbirlər planında əks olunması və icrasının təmin edilməsi yolu ilə əməkdaşların keyfiyyət siyasətinin icrasına cəlb olunması planlaşdırılır.
Akademiyanın struktur qurumu olan Təhsildə keyfiyyət təminatı və monitorinq bölməsi, eləcə də monitorinq komissiyası tərəfindən digər müvafiq strukturların da dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində əldə olunan məlumatlar Daxili Keyfiyyət Komissiyasında, eləcə də Elmi Şurada müzakirə edilərək müvafiq qərarların və tövsiyyələrin verilməsi təmin olunacaqdır.








