xəbərlər

Dövlət İmtahan Mərkəzinin keçirdiyi Ali təhsil müəssisələrinin sərgisində Polis Akademiyası da iştirak edib

03.08.2024

31 iyul - 02 avqust 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda Ali təhsil müəssisələrinin sərgisi keçirilib. Sərgidə 33 ali təhsil müəssisəsi, o cümlədən Polis Akademiyası və 6 qurum iştirak edib.

Sərginin keçirilməsində əsas məqsəd abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə yaxından tanış etmək və onlara ixtisas seçimində dəstək göstərmək olub.

Sərgidə valideyn və abituriyentlər olmaqla ümumilikdə 3 mindən artıq ziyarətçi qeydiyyatdan keçərək iştirak edib.

Polis Akademiyasını təmsil edən polis əməkdaşları və kursantlar ziyarətçiləri maraqlandıran sualları cavablandırıb və onlara Akademiya haqqında ətraflı məlumatlar veriblər. Abituriyentlərə Polis Akademiyasına qəbul qaydaları izah edilib, Akademiyanın imtiyazları: dövlət hesabına qidalanma, geyim, yataqxana və tədris resurslarından istifadə, eyni zamanda Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri barədə geniş məlumat verilib.

Həmçinin Akademiyanın təqdimatı üçün nəzərdə tutulmuş təlim otağında kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib. Polis Akademiyasının rəsmi saytında yerləşən “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssəsi ilə tanış olmaq imkanı da iştirakçıların nəzərinə çatdırılıb.

Ziyarətçilərə Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər və xatirə hədiyyələri təqdim olunub.

Geriyə | Çap versiyası