xəbərlər

Polis Akademiyasında Bakı Dövlət Universitetindən dəvət olunmuş mütəxəssisin iştirakı ilə mühazirə dərsi keçirilib

31.10.2024

Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş elm adamları, hüquqşünaslar və təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən silsilə mühazirə dərsləri davam etdirilir.

30 və 31 oktyabr tarixlərində “Cinayət hüququ” kafedrası tərəfindən tədris edilən “Cinayət hüququ” fənni üzrə Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Həbib Cəfərov “Cinayətin subyektiv cəhəti” mövzusu üzrə mühazirə dərsləri keçib.

Mövzu üzrə cinayətin subyektiv cəhəti, subyektiv cəhəti xarakterizə edən tərkib əlamətləri, onun elementləri və cinayətin subyektiv cəhətinin ünsürlərinə dair ətralı məlumatlar mühazirə zamanı kursantların nəzərinə çatdırılıb. Eyni zamanda H.Cəfərov əldə etdiyi zəngin təcrübəsini və zəngin biliklərini kursantlarla paylaşıb.
Mühazirə dərsi fəal təlim metodlarından istifadə edilməklə keçirilib, mühazirənin gedişində mütəmadi kursantlarla qarşılıqlı dialoq qurulub, onların fikirləri dinlənilib və sualları cavablandırılıb.
 
 
 

Geriyə | Çap versiyası