xəbərlər

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı Polis Akademiyasında mühazirə dərsində iştirak edib

07.11.2024

Nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübi vərdişlərinin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə təcrübəli əməkdaşların mühazirə dərslərinə dəvət olunması uğurla davam etdirilir. 07 noyabr  2024-cü il tarixində “Kriminalistika” kafedrası tərəfindən tədris edilən “Məhkəmə ekspertizası” fənni üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Əlyazmalar və xətlərin ekspertizaları” şöbəsinin baş eksperti, yüksək dərəcəli ekspert, kiçik ədliyyə müşaviri Mətanət Muradova “Məhkəmə xətşünaslıq və məhkəmə müəllifşünaslıq ekspertizaları” mövzusu üzrə mühazirə oxuyub.

Həmin mövzu üzrə məhkəmə xətşünaslıq və müəllifşünaslıq ekspertizalarının mahiyyəti, obyektləri, növləri, həll etdiyi məsələlər, adi şəraitdə və çap rəqəmlərinə bənzətməklə icra edilmiş və bilərəkdən dəyişdirilmiş mətnlərin və imzaların tədqiqi, ekspertiza üçün sənədlərin hazırlanması, sərbəst, şərti-sərbəst və eksperimental yazı nümunələrinin götürülməsi, həmçinin mətnlərə görə yaşın, cinsin, xəstəliyin və ixtisas qrupunun müəyyən edilməsi metodikası barədə kursantlara ətraflı məlumat verilib, tədqiqat metodları praktiki icra edilib.

İnteraktiv təlim metodları ilə keçən mühazirənin sonunda kursantların mövzuya dair sualları cavablandırılıb.

 

 

Geriyə | Çap versiyası