xəbərlər
DİN-in Polis Akademiyası yenə də bir ilkə imza atdı
25.11.2024
2024-cü ilin aprel ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə respublikanın bir sıra ali təhsil müəssisələri arasında keçirilən Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqədə DİN-in Polis Akademiyasının komandası I yerə layiq görülmüşdür. Bu nailiyyətin davamı olaraq bu yarışın ölkələrarası mərhələsində Polis Akademiyası Azərbaycanı təmsil etmək hüququ qazanmışdır.
19-22 noyabr 2024-cü il tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təşkilatçılığı ilə Sloveniya Respublikasının paytaxtı Lyublyana şəhərində keçirilən “9-cu Ümumavropa Beynəlxalq humanitar və qaçqın hüququ üzrə məhkəmə simulyasiyası” müsabiqəsi keçirilmişdir. Polis Akademiyasını “Kriminalistika” kafedrasının müəllimi, polis kapitanı İsmayıl Əmirli, Hüquq fakültəsinin V kurs kursantları, polis sıraviləri Kənan Qurbanlı, Emil Aslanov və Qulu Quluzadə təmsil etmişdir.
Müsabiqədə 15 ölkədən ümumilikdə 19 universitet iştirak etmişdir. Müsabiqə 1-ci, 2-ci, 3-cü ələmə, 1/4 final, yarım-final və final mərhələlərindən ibarət olmuşdur. Polis Akademiyasının komandası bu müsabiqədə Azərbaycanın ən yüksək naliyyətini əldə edərək 1/4 finalçı adına layiq görülmüşdür.