xəbərlər

Təcrübəli mütəxəssislərin Polis Akademiyasına dəvət edilməsi işi uğurla davam etdirilir

27.11.2024

25 və 26 noyabr 2024-cü il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib. 
DİN-in Polis Akademiyası ilə Azərbaycan Hakimlər İttifaqı arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində Vəkillər Kollegiyasının üzvü, Aytən Əliyeva 25 noyabr 2024-cü il tarixində Polis Akademiyasında “Mülki hüquq” fənni üzrə “Şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi”, 26 noyabr 2024-cü il tarixində Nəsimi rayon Məhkəməsinin hakimi Nail Abbasovun “Cinayət-prosessual hüquq” fənni üzrə “Məhkəmə nəzarətinin həyata keçirilməsi” mövzularında keçirilmiş mühazirə dərslərində iştirak ediblər. Eyni zamanda 26 noyabr 2024-cü il tarixində DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin rəis müavini, polis baş leytenantı Fikrət Əliyev “Maddə, material və məmulatların kriminalistik ekspertizaları” mövzusu üzrə mühazirə oxuyub. 

Mövzulara əsasən qonaqlar tərəfindən şəxsi-qeyri əmlak hüquqlarının əsas xarakterik xüsusiyyətləri, onların mülki-hüquqi müdafiəsi üsulları, kütləvi informasiya vasitələrində vətəndaşların şərəf və ləyaqətin və ya hüquqi şəxslərin işgüzar nüfuzunun ləkələnməsi halında hansı qaydada məhkəməyə müraciət edilməsi qaydası, məhkəmə nəzarətinin həyata keçirilməsi, səlahiyyətli məhkəmələr, məhkəmə baxışının predmetinə aid olan məsələlər və hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi haqqında kursantlara ətraflı məlumatlar verilib. Həmçinin, gələcək əməliyyat müvəkkilləri və müstəntiqlər üçün prokuror qarşısında qaldırılan vəsatətlərin əhəmiyyəti, onların düzgün və əsaslı yazılmasının vacibliyi diqqətə çatdırılıb. 
Fikrət Əliyev tərəfindən maddə, material və məmulatların kriminalistik ekspertizasının mahiyyəti, obyektləri, növləri, vəzifələri və həll etdiyi məsələlər, cinayətlərin açılmasında, araşdırılmasında və qarşısının alınmasında əhəmiyyəti, narkotik vasitələr və psixotrop maddələr, o yeni psixoaktiv maddələrin kriminalistik ekspertizasının həll etdiyi məsələlər  və sair məlumatlar mühazirə zamanı kursantların nəzərinə çatdırılıb. 

27 noyabr 2024-cü il tarixində isə Sabunçu rayon Məhkəməsinin hakimi Nigar İmanova  əyani təhsil üzrə II kursun kursantları ilə “Əməlin cinayət  olmasını istisna  edən hallar” mövzusunda keçirilən mühazirə dərsində kafedranın dosenti, polis  polkovniki  hüquq üzrə fəlsəfə doktoru Rəsul Rüstəmov və kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Şamxal Kərimovla iştirak edib. 
Mühazirə dərsində Nigar İmanova bu sahədə vətəndaşların hüquqlarının  müdafiəsi  ilə bağlı təcrübədə mövcud  olan  problemlər və  ədalət mühakimə orqanı tərəfindən yol verilən nöqsanlar barədə geniş məlumat verib. 
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar kursantların suallarını cavablayıb və onlara zəruri tövsiyələr verməklə gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıblar. 
 
 
 
 
 
  

Geriyə | Çap versiyası