xəbərlər

Təcrübəli mütəxəssislər Polis Akademiyasında açıq dərslərdə iştirak edərək öz zəngin təcrübələrini bölüşüblər

24.12.2024

17-24 dekabr 2024-cü il tarixlərində Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov “Mülki hüquq” fənnindən “Öhdəliklərin icrasının təmini və xitamı”, Vəkillər Kollegiyasının üzvü Elvin Novruz “Əmək hüququ” fənnindən “Əmək mübahisələri”, Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Vüqar Əhədov və həmin şöbənin baş müstəntiqi, polis mayoru Ramin Əhədov “Kriminalistika-1,2” fənnindən “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin araşdırma metodikası”, KTİ-nin rəisi, polis polkovniki Elnur Nəsibov “Məhkəmə-tibbi və psixofizioloji, məhkəmə-bioloji ekspertizalar” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.

V.Şükürov beh, girov, ipoteka, zaminlik, qarantiya və bu kimi digər öhdəliklərin icrasının təmini üsulları, bu növ müqavilələrin bağlanılması forması və məhkəmə təcrübəsində ən çox rast gəlinən problemlər barədə kursantlara məlumat verib. Vəkil E.Novruz əmək prosesində işçi ilə işəgötürən arasında meydana gələn əmək mübahisələri, onların həlli qaydası, mübahisənin məhkəməyədək həlli üsulları, öz zəngin təcrübəsi və AR Konstitusiya Məhkəməsinin müvafiq qərarlarının təcrübi əhəmiyyəti barədə kursantlara ətraflı məlumat verib.

V.Əhədov və R.Əhədov tərəfindən yol-nəqliyyat hadisələrinin kriminalistik xarakteristikasının elementləri, YNH-nin növləri, baş vermə səbəbləri, törədilmə üsulları və bu növ cinayətlər üzrə keçirilən ilkin yoxlama hərəkətləri, hadisə yerinə baxış, dindirmə, ifadənin yerində yoxlanılması və məhkəmə ekspertizalarının təyin edilməsi metodikası barədə ətraflı məlumat verilib və videogörüntülər nümayiş etdirilib.
Mühazirə dərsləri fəal təlim metodlarından istifadə edilməklə keçirilib, mühazirələrin gedişində mütəmadi kursantlarla qarşılıqlı dialoq qurulub, onların fikirləri dinlənilib və sualları cavablandırılıb.
 
 
 
 
 
 
 

Geriyə | Çap versiyası