xəbərlər

Polis Akademiyasında Beynəlxalq Ana Dili Günü münasibətilə “Azərbaycan dili xalqımızın milli qüruru və dövlətçilik simvoludur”mövzusunda dəyirmi masa keçirilib

28.02.2025

28 fevral 2025-ci il tarixində DİN-in Polis Akademiyasında Beynəlxalq Ana Dili Günü münasibətilə “Azərbaycan dili xalqımızın milli qüruru və dövlətçilik simvoludur” mövzusunda dəyirmi masa keçirilib.

 Tədbirdə Azərbaycanda “Atatürk” mərkəzinin direktoru, filologiya elmləri doktoru, akademik Nizami Cəfərov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva, DİN-in Polis Akademiyasının, Heydər Əliyev adına Hərbi İnstitutun, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunun, DTX-nin Heydər Əliyev adına Akademiyasının, Dövlət Gömrük Komitəsi Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının müəllim və kursantları iştirak ediblər. 
İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tədbiri açıq elan edərək qonaqları və şəxsi heyəti Akademiya rəhbərliyi adından salamlayıb və dəyirmi masanın işinə uğurlar arzulayıb. Cənab general Azərbaycan dilinin Konstitusiyamızda və digər dövlət sənədlərində necə təsbit olunduğunu vurğulayaraq dövlət dilimizin qorunması sahəsində apardığı işlərdən danışıb. Dil hazırlığı kafedrasında Azərbaycan dilinin işgüzar, elmi və natiqlik səviyyəsində inkişafı üzrə işlər aparılması haqqında məlumat verib. Tədbirin moderatoru Dil hazırlığı kafedrasının dosenti, f.ü.f.d. Fərqanə Əliyeva tədbirin keçirilməsində məqsədin hər kəsin öz doğma dilinin varlığını hiss etdirmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bildirib.

 Daha sonra dəyirmi masanın elmi-praktik müzakirə hissəsi öz işinə başlayıb və tədbir iştirakçılarının “Azərbaycan dili türk dilləri ailəsində”, “Azərbaycan dilində işlənən alınma və əcnəbi sözlər”, “Ana dili: keçilən yolun güzgüsü”, “Dövlət dilinin tətbiqi: problemlər, vəzifələr”, "Sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycan dilinə qayğısı", “Ana dilimiz milli varlığımız və qürur mənbəyimizdir”, “Azərbaycan dilinin saflığının qorunması və bu sahədə dövlətin siyasəti”, “Azərbaycan dili mənəvi dəyərimiz və milli sərvətimizdir”, "Ana dilim: tarixin nəfəsi, millətin səsi", “Azərbaycan dili: müstəqilliyin və birliyin təminatçısı” mövzularında məruzələri dinlənilib.
Sonda mövzular ətrafında fikir mübadiləsi və müxtəlif yönümlü müzakirələr aparılıb, kursantların ifasında dil haqqında şeirlər dinlənilib. Ümummilli lider Heydər Əliyevin dil haqqında söylədiyi videoçarx nümayiş etdirilib. Ümumilikdə tədbir səmərəli və işgüzar şəkildə baş tutub.
 
 
 
 
 
 
 

Geriyə | Çap versiyası