xəbərlər

DİN-in Polis Akademiyasında “Polis təlimçilərinin təlimi” mövzusunda kurs yekunlaşıb

08.04.2025

1-8 aprel 2025-ci il tarixlərində keçirilən “Polis təlimçilərinin təlimi” kursu uğurla yekunlaşıb. Peşəkar təlimçilər bu təlimdə gənc müəllimlərə mövzunu effektiv təqdim etmək, dinləyicilərdə maraq oyatmaq, mövzuya dərindən bələd olmaq, aydın və ifadəli nitq qabiliyyətini inkişaf etdirmək, sərbəst və inamlı çıxış etmək (həyəcanı idarə etmə bacarığı), bədən dilindən düzgün istifadə (jestlər və mimikalar), auditoriyanı fəal şəkildə idarə etmək və interaktiv təlim keçmək kimi vacib bacarıqları ön plana çəkiblər. Təlimçilər tədris və təlim metodlarını, xüsusi texnikaları iştirakçıların nəzərinə çatdırıblar.

İştirakçılar həm təlimçilər tərəfindən verilən, həm də müstəqil seçdikləri mövzular üzrə 2 hissəli təqdimatlar hazırlayıblar. Onlar enerji verən və buzqıran fəaliyyətlər, təlim keçmə metodları, təlim zamanı münaqişələri idarə və həll etmə üsulları, rəy vermə texnikası, slayd və dərs planlarının hazırlanması qaydalarını mənimsəyib və təlimin praktiki hissəsində özlərinin fərdi şəkildə hazırladığı müvafiq təqdimatlarda bu texnikaları tətbiq ediblər.
Bu təlim iştirakçıların gələcəkdə peşəkar fəaliyyətdə qarşılaşacaqları vəziyyətlərə hazırlığını artırmaq üçün əhəmiyyətli addım olub. Səmərəli şəkildə keçirilən təlim yüksək nailiyyətlərlə yekunlaşıb. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkilib.
    
 
 
 
 
 
 
 

Geriyə | Çap versiyası