xəbərlər

Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə interaktiv dərslər keçirilib

14.04.2025

03-14 aprel 2025-ci il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.

Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən DİN-in BİTİ-nin Profilaktiki işin təşkili idarəsinin rəisi “Polis orqanlarının profilaktiki fəaliyyətinin təşkili və əsas istiqamətləri”, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini “Azərbaycan Respublikasının vətəndaşlığı”, Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov “Korrupsiyaya qarşı mübarizə. Polisin fəaliyyətində insan hüquqlarının qorunması, bu sahədə DİN-in və Beynəlxalq normativ hüquqi aktların tələbləri”, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokurorları Məhərrəm Əzizbəyov “Həyat və sağlamlıq əleyhinə olan cinayətlərin istintaq metodikası” və Ruslan Ağayev “Azərbaycan Respublikasının Prokurorluğu”, Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Cavid Məmiyev “Sosial institutlar və təşkilatlar” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər. 
 
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara polis orqanlarının profilaktiki fəaliyyətinin təşkili və əsas istiqamətləri, Azərbaycan Respublikası vətəndaşlığının hüquqi əsasları, vətəndaşlığın əldə edilməsi və xitamı üçün əsaslar, vətəndaşlıq məsələlərinin həllində polis orqanlarının  rolu, korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramları və beynəlxalq standartlar, polisin fəaliyyətində insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq-hüquqi əsaslar, həyat və sağlamlıq əleyhinə olan cinayətlərin istintaq metodikası, sosial institutlar və təşkilatlar, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə geniş məlumatlar verilib.  
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.  

 
 
 
 

Geriyə | Çap versiyası