xəbərlər

Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə hazırlanmış elmi-metodiki vəsaitlərin təqdimatı olub

23.06.2025

23 iyun 2025-ci il tarixində Polis Akademiyasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən birgə təşkil edilmiş “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki vəsaitlərin hazırlanması” layihəsi çərçivəsində təqdimat mərasimi keçirilib. Tədbirdə “Sosial mühəndislik”, “Kriptoqrafiyanın əsasları” və “Elektronika və İoT cihazlarının təhlükəsizliyi” fənləri üzrə hazırlanmış tədris-metodik vəsaitlər təqdim olunub.

Tədbirdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının nümayəndələri, Azərbaycan Texniki Universiteti, Dövlət Gömrük Komitəsi, bir sıra informasiya təhlükəsizliyi şirkətlərinin əməkdaşları, həmçinin DİN-in Polis Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.

Tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Polis Akademiyası rəisinin birinci müavini, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Vüqar Mansurov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, təqdim olunan elmi-metodiki vəsaitlərin informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığına töhfə verəcəyini vurğulayıb və tədbir iştirakçılarına uğurlar arzulayıb. Tədbirdə çıxış edən AKTA-nın icraçı direktoru Rauf Cabbarov müasir dövrdə artan kibertəhdidlər fonunda peşəkar kadr potensialının gücləndirilməsinin zəruriliyini qeyd edib, bu istiqamətdə ali təhsil müəssisələrinin rolunun artırılmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra “Kriptoqrafiyanın əsasları” dərs vəsaitlərinin müəllifi Azərbaycan Texniki Universitetinin kafedra müdiri, texnika elmləri doktoru Yadigar İmamverdiyev, “Elektronika və İoT cihazlarının təhlükəsizliyi” dərs vəsaitlərinin müəllifləri Dövlət Gömrük Komitəsinin kafedra müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Asif Qanbayev, Xəzər Universitetinin və DTX Akademiyasının müəllimi Rəşad Əliyev və “Sosial mühəndislik” dərs vəsaitlərinin müəllifi Polis Akademiyasının “DİO-da əməliyyat-axtarış fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki Orxan Məmmədov ardıcıl olaraq vəsaitləri təqdim ediblər. Təqdimatlardan sonra tədbir iştirakçıları ilə vəsaitlər ətrafında fikir mübadiləsi aparılıb, müzakirələr zamanı səsləndirilən suallar cavablandırılıb.
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
Geriyə | Çap versiyası