xəbərlər

Gənclərin Daxili İşlər Nazirliyində təhsilə və xidmətə marağının artırılması məqsədilə silsilə tədbirlərə start verildi

25.09.2025

“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair Tədbirlər Planı”na əsasən, ölkənin müxtəlif bölgələrində təbliğat-təşviqat xarakterli maarifləndirici görüşlərin keçirilməsinə başlanılıb. Tədbirlərdə IX-XI sinif şagirdlərinə Polis Akademiyasında təhsil imkanları, Akademiyanın tarixi, tədris prosesi və daxili işlər orqanlarında xidmətin üstünlükləri barədə ətraflı məlumat verilib.

Akademiyanın əməkdaşları tərəfindən keçirilən görüşlərdə IX-XI sinif şagirdlərinə təhsil ocağının 100 illik zəngin tarixi, müasir təlim və tədris prosesi, dövlət tərəfindən təqdim olunan sosial təminatlar (qidalanma, geyim, yataqxana) və istifadə olunan qabaqcıl təhsil texnologiyaları barədə ətraflı məlumat verilib. Həmçinin daxili işlər orqanlarında xidmətin üstünlükləri vurğulanıb və gənclərdə vətənpərvərlik hissinin artırılması məqsədilə maarifləndirici söhbətlər təşkil olunub.

Polis Akademiyasının əməkdaşları ilə yanaşı, yerli ərazi polis orqanlarının nümayəndələri də bu tədbirlərdə fəal iştirak ediblər. Görüşlər zamanı şagirdlərə ali hüquq təhsilinin üstünlükləri, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə qəbul meyarları barədə geniş izahat verilib. Tədbir iştirakçılarına Akademiyanın fəaliyyətini əks etdirən video materiallar təqdim olunub və lifletlər paylanılıb.

Görüşlər zamanı iştirakçılara Polis Akademiyasının “Virtual Akademiya” (https://pa.vr360.az/) platforması vasitəsilə müəssisənin fəaliyyəti ilə onlayn tanışlıq imkanı barədə məlumat təqdim olunub. Eyni zamanda, Akademiyanın sosial şəbəkələrdəki rəsmi səhifələri – İnstagram (din.polisakademiyasi) və Facebook (Polis Akademiyası) haqqında məlumat verilib. Tədbirlər şagirdlərin suallarının cavablandırılması və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
 
 
 
 
 
 
 
  
Geriyə | Çap versiyası