xəbərlər
Polis Akademiyasında Vətən müharibəsi qəhrəmanları ilə görüş keçirilib
30.10.2025
Vətən müharibəsində qələbənin 5-ci ildönümü ilə əlaqədar olaraq təşkil edilmiş silsilə tədbirlərin davamı olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçirilən təntənəli tədbirdə DİN-in Daxili Qoşunlarının Vətən müharibəsi iştirakçıları, Akademiyanın rəhbər heyəti, zabitlər və kursantlar iştirak ediblər. İlk öncə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq Zəfər Günü münasibətilə təbrik edib, ölkəmizin ərazi bütövlüyünün bərpasında qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizin xidmətlərindən danışıb. Daha sonra I kurs kursantı H.Hacıyev çıxış edərək gənc nəslin Vətənə sədaqət ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb və “Vətən marşı” səsləndirilib, vətən müharibəsi iştirakçılarının döyüş və xidmət yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində kursantların Vətən müharibəsi iştirakçıları – polkovnik Zəfər Yusibov, polkovnik-leytenant Nicat Bədəlov, polkovnik-leytenant Zaur Rəhimov, polkovnik-leytenant Anar Rizvanov, polkovnik-leytenant Elçin Babayev, mayor Anar Mahmudov və kapitan Vüsal Həsənovla görüşləri təşkil olunub.
Vətən müharibəsində əzmi, mətinliyi və mübarizliyi ilə bütün dünyaya öz vətən sevgisini nümayiş etdirən qəhrəmanlarımız Azərbaycan tarixinin şərəfli səhifələrindən, Vətən müharibəsində xalqımızın qazandığı Zəfərin əhəmiyyətindən, döyüş meydanında keçdikləri şərəfli yoldan, dövlətin hərbçilərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Gənc kursantlar bu görüşləri böyük ruh yüksəkliyi ilə qarşılayıb, vətənə sədaqətlə xidmət etməyə hazır olduqlarını bildiriblər.















