xəbərlər

Polis Akademiyasında “Süni İntellekt alətləri və onların tədrisdə tətbiqi” mövzusunda təlim keçirilib

21.02.2026

Polis Akademiyasının professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində növbəti təlim təşkil olunub. “Süni İntellekt alətləri və onların tədrisdə tətbiqi” mövzusunda keçirilən təlim Azərbaycan Dövlət Pedaqoji Universitetinin təlim-tədris mərkəzinin təlimçisi Aygün Cəfərova tərəfindən aparılıb. Tədbirdə Akademiyanın professor-müəllim heyətindən 18 nəfər iştirak edib.
Təlimin ilk günündə iştirakçılara süni intellekt anlayışı izah olunub, onun tədris prosesində düzgün tətbiqi ilə bağlı ilkin bilik və bacarıqlar təqdim edilib. Sonrakı günlərdə müxtəlif təyinatlı süni intellekt alətləri ilə praktiki tanışlıq təşkil olunub, müəllimlərin həmin alətlərlə fərdi və qrup şəklində işləmək bacarıqları yoxlanılıb.
Təlim müddətində iştirakçılar süni intellekt alətlərinin fərdiləşdirilməsi, məzmun və forma baxımından keyfiyyətli təqdimatların hazırlanması bacarıqlarına yiyələniblər. Bildirilib ki, süni intellektin tədris prosesində tətbiqi sillabusların hazırlanması və qısa müddətdə test suallarının tərtibi zamanı müəllimlərin işinin səmərəliliyini artırır. Bununla yanaşı, dərslərin daha innovativ metodlarla təşkili üçün əlavə imkanlar yaradacaq padlet, kahoot və digər interaktiv alətlərin mahiyyəti və istifadə qaydaları barədə də məlumat verilib.
Təlimin sonunda professor-müəllim heyətində süni intellekt alətlərindən tədris prosesində sərbəst və məqsədyönlü istifadə bacarığı formalaşıb.
 
  
 
 
 
 
 
 
   
 
 
 
 
  
Geriyə | Çap versiyası