xəbərlər
Polis Akademiyasının kursantları şəhid polis əməkdaşı Məzahir Əbilova həsr olunmuş sənədli filmin nümayişində iştirak ediblər
23.02.2026
Polis Akademiyasının I kurs kursantları şəhid polis əməkdaşı Məzahir Əbilovun xatirəsinə həsr olunmuş “Adsız qəhrəman” sənədli filminin təqdimatında iştirak ediblər. Ssenari müəllifi Rey Kərim oğlu, rejissoru Roman Yaşar olan film 1992-ci ilin 25–26 fevral tarixlərində Xocalıda dinc əhalinin düşmən mühasirəsindən xilas edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək əsir düşmüş və əsirlikdə şəhid olmuş Məzahir Əbilovun həyat və döyüş yolundan bəhs edir.
Tədbirdə qeyd olunub ki, bu kimi tədbirlər kursantların vətənpərvərlik ruhunda formalaşmasına, şəhidlərin xatirəsinin əziz tutulmasına və milli-mənəvi dəyərlərə sadiqlik prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir. Film Qarabağ həqiqətlərinin və Xocalı faciəsinin unudulmaması, gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Polis Akademiyasında kursantların peşəkar hazırlığı ilə yanaşı, onların milli ruhda tərbiyəsi və vətənə sədaqət prinsipləri əsasında formalaşdırılması istiqamətində tədbirlər davamlı xarakter daşıyır.
Təqdimatda şəhidin ailə üzvləri, Qarabağ qaziləri, şəhid ailələri və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Sonda xatirə şəkilləri çəkdirilib.








