xəbərlər

Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən dərslər bu semestrdə də davam etdirilir

13.03.2026

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bu semestrdə də yüksək peşəkarlığa malik mütəxəssislərin iştirakı ilə keçirilən dərslər uğurla davam etdirilir. Təcrübəli mütəxəssislərin dərslərə cəlb olunması tələbələrin nəzəri biliklərini praktik vərdişlərlə möhkəmləndirməyə, həmçinin gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı şəkildə başlamalarına şərait yaradır.  
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən BDU-nun Kriminalistika və ekspertiza kafedrasının müdiri, h.e.d., prof. Kamil Səlimov “Axtarış və götürmənin taktikası”, Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Toğrul Muxtarov “Cinayət təqibi üzrə icraatın aparılması”, hüquqşünas, h.ü.f.d. Eldar Qocayev “Sahibkarlıq fəaliyyəti sahəsində rəqabətin hüquqi təminatı” və Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, s.ü.f.d. Cavid Məmiyev “Cəmiyyət sosial-mədəni sistem kimi” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər. 
Təcrübəli mütəxəssislər tərəfindən keçirilən dərslər zamanı cəmiyyət sosial-mədəni sistem kimi, axtarış və götürmənin taktikası, psixoloji əsasları, mərhələləri, taktiki üsulları, bazar münasibətlərinin inkişafı, bu inkişafa maneə törədən halların qarşısının alınması, haqsız rəqabətin formaları, təbii inhisar sahələri, cinayət təqibinin başlanmasının əsasları, cinayət təqibinin aparılması zamanı qanunçuluğun və insan hüquqlarının təmin olunmasının əhəmiyyəti barədə kursantlara ətraflı məlumat verilib. 
Tədris zamanı kursantları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında səmərəli müzakirələr aparılıb.  
 
 
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
 
  
Geriyə | Çap versiyası