xəbərlər
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən dərslər davam etdirilir
03.04.2026
DİN-in Polis Akademiyasında peşəkar mütəxəssislərin iştirakı ilə keçirilən dərslər uğurla davam edir və kursantlar tərəfindən böyük maraqla qarşılanır. Təcrübəli əməkdaşların iştirakı kursantların nəzəri biliklərini praktik vərdişlərlə tamamlamasına, onların gələcək peşə fəaliyyətinə daha hazırlıqlı başlamalarına şərait yaradır.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “İnsan hüquqlarının müdafiə mexanizmləri” mövzusunda mühazirə ilə çıxış ediblər. Qonaqlar tərəfindən insan hüquqlarının milli və beynəlxalq səviyyədə müdafiə mexanizmləri, Ombudsman institutunun fəaliyyəti, vətəndaş müraciətlərinə baxılma qaydaları və hüquqların pozulması hallarında tətbiq olunan hüquqi vasitələr barədə ətraflı məlumat verilib.
Eyni zamanda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə DİN-in Polis Akademiyası arasında imzalanmış Qarşılıqlı Əməkdaşlığa dair Memorandum çərçivəsində nüfuzlu vəkillərin dərslərə dəvət edilməsi daim diqqət mərkəzində saxlanılır. Kollegiyanın üzvü, vəkil Vəfa Usubova “Əmək müqaviləsi” mövzusunda keçirilmiş mühazirə dərsində iştirak edib. Mühazirə zamanı əmək müqaviləsi institutunun əhəmiyyəti, bağlanma qaydaları, xitam formaları və şərtlərinin dəyişdirilməsi ilə bağlı kursantlara geniş məlumat verilib.
Tədris zamanı kursantları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb, mövzular ətrafında səmərəli müzakirələr aparılıb.










