xəbərlər
Polis Akademiyasında Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
01.05.2026
Polis Akademiyasında Kursant Elmi Cəmiyyəti və Dövlət və hüquq nəzəriyyəsi kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc hüquqşünas” kursant elmi dərnəyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və dövlətçilik ənənələri: gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda formalaşması” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrində
“Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan kursant və tələbələr iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərin gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki, h.ü.f.d. Vüqar Mansurov tədbiri açıq elan edərək qonaqları salamlayıb və dəyirmi masanın işinə uğurlar arzulayıb.
Çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova və Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev Ümummilli Liderin gənclər siyasəti barədə geniş məlumat verərək, bu siyasətin müasir Azərbaycan gəncliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Tədbir çərçivəsində kursant və tələbələr müxtəlif mövzularda çıxış edərək Heydər Əliyev irsinin hüquqi dövlət quruculuğunda, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və milli məfkurənin inkişafında rolundan bəhs ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, müzakirələr keçirilib və iştirakçıları
maraqlandıran suallar cavablandırılıb.







