xəbərlər

Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən dərslər davam etdirilir

12.05.2026

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yüksək peşəkarlığa malik mütəxəssislərin iştirakı ilə keçirilən dərslər uğurla davam etdirilir. Təcrübəli mütəxəssislərin dərslərə cəlb olunması tələbələrin nəzəri biliklərini praktik vərdişlərlə möhkəmləndirməyə, həmçinin gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı şəkildə başlamalarına şərait yaradır.

Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən DİN-in Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki İsmayıl Əliyev “Cinayət prosesində sübutlar və sübutetmə”, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, dosent Mətanət Əsgərova “Azərbaycan Respublikasının ədliyyə orqanları”, Milli Aviasiya Akademiyasının Magistratura və doktorantura şöbəsinin müdiri, hüquq elmləri doktoru, dosent Araz Qədiməliyev “Azərbaycan Respublikasının Milli Məclisi”, Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Orxan Aslanov “Mülkiyyət əleyhinə olan cinayətlər” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.

Dərslər zamanı mütəxəssislər tərəfindən kursantlara cinayət prosesində sübutetmə mexanizmləri, ədliyyə orqanlarının fəaliyyəti, qanunvericilik hakimiyyətinin əsas prinsipləri, eləcə də mülkiyyət əleyhinə olan cinayətlərin hüquqi xüsusiyyətləri barədə nəzəri və praktiki məlumatlar təqdim olunub, hüquq tətbiqetmə təcrübəsində rast gəlinən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və kursantların sualları cavablandırılıb
 
  
 
 
  
 
 
  
 
  
 
  
 
  
 
  
Geriyə | Çap versiyası