xəbərlər
Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində DİN-in Polis Akademiyasında “Xalqın əbədiyaşar lideri” adlı dəyirmi masa keçirilib
08.05.2026
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Vətənpərvər kursant” elmi dərnəyinin üzvlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Xalqın əbədiyaşar lideri” adlı dəyirmi masa keçirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən İctimai elmlər kafedrasının rəisi, polis polkovniki, tarix üzrə fəlsəfə doktoru Rəhim Məcnunov Ümummilli lider Heydər Əliyevin Azərbaycanın həm birinci, həm də ikinci rəhbərliyi dövründə dövlətçiliyin qorunması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən ətraflı bəhs edib.
Dəyirmi masada II kurs kursantı İzzət Qasımov “Heydər Əliyevin Azərbaycana I rəhbərliyi dövrü: Tərəqqi və çiçəklənmə”, I kurs kursantları Hacalı Hacıyev “Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında rolu” və Məhəmməd Ağazadə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzularında çıxışlar ediblər.
Tədbirin sonunda kafedranın dosenti, polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadə çıxış edərək, Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının müasir Azərbaycanın milli birliyinin və dövlətçiliyinin əsas dayaqlarından biri olduğunu vurğulayıb.








