xəbərlər

Polis Akademiyasında təcrübəli mütəxəssislər tərəfindən praktik təcrübəyə əsaslanan dərslər keçirilir

19.05.2026

Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri mütəmadi olaraq keçirilir.

Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya üzrə elmlər doktoru, professor Rafael Həsənov “Sosial nəzarət”, Sabunçu rayon məhkəməsinin hakimi Elnurə Rəcəbova “Prosessual məcburiyyət tədbirləri”, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının Dövlət İdarəçiliyinin hüquqi təminatı kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Fəxrəddin Nağıyev “Azərbaycan Respublikasının Prezidenti”, DİN-in Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Samir İsmayılov “Sübutlar və sübutetmə”, mövzuları üzrə mühazirələr keçiblər.

Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara Azərbaycan Respublikasında dövlət idarəçiliyinin hüquqi əsasları, prezident institutunun səlahiyyətləri, cinayət prosesində sübutların toplanması və qiymətləndirilməsi, sosial nəzarətin cəmiyyətdə rolu, prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydaları və digər mövzular haqqında slayd və video materiallardan istifadə edilərək ətraflı məlumatlar verilib.

Dəvət olunan mütəxəssislər tərəfindən mövzular üzrə geniş izahatlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədris prosesi zamanı kursantların ünvanladıqları suallar ətraflı şəkildə cavablandırılıb.

  

  

  

  

Geriyə | Çap versiyası